Qul ifadəsi normal düşüncədə iki məfhum – ictimai formasiya sıralamasında 2-ci olan Quldarlıq quruluşu və qədim Romada qullar üsyanının rəhbəri Spartkla assosiasiya olunur.
Quldarlıq quruluşu ibtidai insanın ictimai münasibətlərdə yeni mərhələyə keçidi, Spartakın başçılığı altında 3 il sürən qullar üsyanı isə hüquqsuz fərdlərin azadlıq yanğısını ifadə edir. Roma Respublikasında qul rəsmən insan yox, sahibinə məxsus mülkiyyətin bir hissəsi sayılırdı.
Keçmiş qladiator Spartakın 120 minlik qeyri-nizami qullar ordusu 3 il ərzində Romanın kabusuna çevrilsə də, sonluq üsyançılar üçün faciəli oldu. Spartak və yaxın silahdaşları da daxil olmaqla on minlərlə qul Roma legionları ilə döyüşlərdə öldürüldü.
Tarixin ən böyük üsyanlarından biri amansızlıqla yatırılsa da, Spartakın adı təqribən 2100 ildir azadlıq mübarizəsinin rəmzi kimi xatırlanır. Eyni zamanda, bu üsyan yaşadıqları dövrdən asılı olmayaraq, qulların heç də hamısının köləlik taleyini qeyd-şərtsiz qəbullanmadıqlarını təsdiqləyir.
Spartak üsyanından 2 minillik ötüb. İbtidai cəmiyyətləri nəzərə almasaq, sivil dünyada qul və quldarlıq anlayışı çoxdan aradan qalxıb. Ancaq insanların şüurlarından qul psixologiyasını silib-təmizləmək hələ də mümkün olmayıb.
Bunun ən yeni örnəyini ötən gün gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilən İsmayıl İsmayılov sərgiləyib. 15 il məşğul etdiyi postunu itirən nazir müavini bu qərarın onun üçün “gözlənilməz” olduğunu deyib.
Lakin o, sarsıntılı vəziyyətində belə dövlət başçısına utancverici formada yarınmaq fürsətini qaçırmayıb. Onun dilindən çıxan “Mən ömrümün sonunadək Prezidentimizin quluyam” ifadəsinə iyrənclikdən başqa bir ad vermək çətindir.
Prezidentin “Xalqın xidmətçisi olun” tələbini qulaqardı edən İsmayılov tipli məmurlar vəzifədən alındıqdan sonra bu dərəcədə mütiləşirlər, cılızlaşırlar. Sabit gələcəklərinin təminatını isə “prezidentin quluyam” biəti ilə qurmağa çalışırlar. Amma o məmurlar “azad insan” kimi nəyə yaradılar ki, “qul” olduqda da xalqa bir faydaları dəysin…
Əminəm ki, Spartak zavallı da İsmayılovsayağı “qul”larla Romaya qarşı nəinki 3 il, heç 3 saat da savaşa bilməzdi…
www.yenicag.az