Sülh gözləntisi: “Avropa İttifaqının moderatorluğu yenidən ön plana çıxır” – Sabiq dövlət müşaviri

“Proseslərdə suyu bulandıran Rusiyanın imhisarı olan Ruben Vardanyandır”.

Bu fikirləri Ermənistan Baş naziri Paşinyanın yenidən sülhlə bağlı açıqlama verməsi fonunda separatçıların müharibə ritorikasını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Paşinyan sülh müqaviləsinin imzalanması istiqamətində səylər göstərəcək:

“Paşinyan sülh müqaviləsinin onun imzası ilə tarixə düşəcəyini yaxşı başa düşür. Ona görə də sülh müqaviləsinə can atacaq. Əgər sülh müqaviləsi Avropa Şurasının moderatorluğu ilə həyata keçirilsə, həm Ermənistana, həm də Azərbaycan böyük məbləğdə maliyyə yardımı göstəriləcək.

Üstəlik, Paşinyan yaxşı başa düşür ki, Qarabağa gəlmiş Ruben Vardanyanın başqa məqsədləri var. Ona görə də Qarabağda yaşayan ermənilərə müraciə edərək Azərbaycanla ehtiyatlı davranmağı və onlarla qarşıdurmaya getməməyi tövsiyyə edir. Ruben Vardanyan isə müharibə ritorikasını tez-tez səsləndirir. Bütün bunlar onu göstərir ki, ziddiyətli və gərgin proseslər gedir. Proseslərdə suyu bulandıran Rusiyanın imhisarı olan Ruben Vardanyandır.

Vardanyan Moskvanın göstərişlərilə hərəkət edir. Bölgəni gərginləşdirmək və münaqişəni alovlandırmaq istəyir. Bu, Ermənistan üçün də ziyanlı nəticələrə gətirib çıxara bilər. Azərbaycan orada doğulmayan, heç vaxt yaşamayan və separatçılıqla məşğul olan birinə heç vaxt dözməyəcək. Bu nöqteyi-nəzərdən Qərb ölkələri fəallaşıb. ABŞ-nin dövlət katibi Entoni Blinken həm Ermənistanın xarici işlər naziri Mirzoyanla, həm də Azərbaycan XİN rəhbəri Bayramovla telefonla danışıb. Belə təəssürat yaranıb ki, Qərb yenidən hərəkətə keçir. Yenidən Avropa İttifaqının moderatorluğu ön plana çıxır.

Bu gün gündəmdə duran əsas məsələ Ruben Vardanyanın Qarabağdan çıxarılmasıdır. Azərbaycan bununla bağlı Rusiyaya müraciət edib. Azərbaycan hələ də ərazilərdə qalmaqda olan Ermənistan ordusunun tör-töküntüsünü də təmizləmək fikrindədir. Bu, müəyyən antiterror əməliyyatlarının keçirilməsini zəruri edir”.

Səxavət Məmməd

COP29