Sülh sazişinin taleyi İrəvandan ASILIDIR: Bakı son xəbərdarlığı ETDİ

media-hightechnic-468x90

“Ermənistan sülh istəyirsə, Azərbaycanın şərtlərinə qeyri-şərtsiz əməl etməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

media-whatsapp-gorsel-2025-07-07-saat-17-50-03_883c00f0

Deputat Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh sazişinin mümkün şərtləri və Paşinyanın Türkiyə səfərində səsləndirdiyi fikirləri şərh edib:

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün saziş layihəsinin mətni üzrə müzakirələrin tamamlanması müsbət haldır. Bu, o deməkdir ki, tərəflər sülhün bir addımlığındadır. Ermənistanın Baş naziri Nikol Paşinyanın Tirana Avropa Siyasi Birliyinin toplantısında Azərbaycan və Türkiyə Prezidenti ilə görüşü, həmçinin Paşinyanın Türkiyəyə səfəri ümidləri artırır. Ermənistan qısa müddətdə Türkiyə ilə sərhədlərin açılmasına can atır. Lakin bu proses Bakı-İrəvan normallaşmasının tərkib hissəsidir. Bu iki prosesi bir-birindən ayırmaq mümkün deyil. Bu barədə rəsmi Ankara da dəfələrlə bəyan edib. Paşinyan-Ərdoğan görüşündə bu mövqenin yenidən gündəmə gəlmsi istisna deyil”.

Millət vəkili sülh üçün Ermənistanın yerinə yetirməli olduğu şərtlərdən söz açıb:

“Məlum məsələdir ki, Azərbaycanın yekun sülh sazişi ilə bağlı şərtləri var. Ermənistanın konstitusiyası dəyişdirilməli, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, həm də regionda dayanıqlı sülhün əsas şərtidir. Lakin Ermənistanın ədliyyə naziri bu günlərdə bəyan edib ki, ölkə ana qanunun dəyişikliyinə hələ də hazır deyil. Nazir qeyd edib ki, iki həftə ərzində Konstitusiya islahatları üzrə Şuranın iclasının çağırılması, daha sonra isə ictimai müzakirələrin keçirilməsi qərara alınıb. O deyib ki, yeni əsas sənədin mətni hələ hazır deyil”.

K. Nurullayeva sonda qeyd edib ki, Ermənistan əhalisinin əksəriyyəti Azərbaycanla sülh tərəfdarıdır:

“Beynəlxalq təşkilatların apardığı sorğuların nəticəsinə görə Ermənistan əhalisinin təxminən 61 faizi ərazi iddialarından imtina edib Azərbaycanla münasibətləri normallaşdırmağın tərəfdarıdır. Yəni bu gün sülh müqaviləsinin imzalanması Ermənistan siyasi rəhbərliyinin iradəsindən asılıdır. Bu, ilkin mərhələdə çərçivə sazişi, daha sonra yekun sülh sənədi ola bilər. Əsas məsələ budur ki, regionun taleyi regionda həll olunmalıdır. Kənar güclərin müdaxiləsi bölgədə əlavə gərginliklər yaradır. Ermənistan bu reallığı dərk etməli, real addımlar atmalıdır”.

Nurlan Cəfəri

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600