Süni qiymət artıranlara qarşı Rusiya təcrübəsi…

media-hightechnic-468x90

manat_290814Vahid Məhərrəmov: “İndiki halda bu məsələ həllini tapan iş deyil” Bildiyimiz kimi, İqtisadiyyat və Sənaye Nazirliyi ölkədə süni qiymət artımlarına qarşı mübarizə aparır. Rusiyada süni qiymət artımı kimi hallara yol verildikdə onun qarşısını almaq üçün yeni metod tapıblar. Belə ki, süni qiymət artımı baş verdikdə bu şimal ölkəsində sosial əhəmiyyətə malik 20 adda məhsulun qiyməti 2 ay müddətinə dondurulur. Belə təcrübənin süni qiymət artımının qarşısını almaq üçün ölkəmizdə də tətbiqi mümkündürmü?

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Yenicag.az-a açıqlamasında bildirdi ki, yalnız müəyyən araşdırmalar aparıldıqdan sonra anoloji təcrübənin Azərbaycanda da tətbiqi mümkündür: “Hökumət fermerlərə müraciət edib deyə bilər ki, sosial əhəmiyyətli məhsulun müəyyən olunmuş qiymətdən həddən artıq dəyərlə satılması təşkil olunarsa, onda onlara subsidiya, dotasiya kimi yardımlar edilməyəcək. Aralarında münasibətləri tənzimləyən belə qayda-qanunlar olmalıdır. Rusiyada sosial əhəmiyyətli mal, məhsullar üçün həm istehsalçı, həm də məhsulu satan ticarətçiyə münasibətdə minimum rentabellik səviyyəsi müəyyənləşdirilir. Sahibkar bilir ki, qarabaşaq 1 manata alınıbsa, onu 1 manat 30 qəpikdən artıq sata bilməz. İstehsalçıya məhsulun istehsalı 70 qəpiyə başa gəlibsə, o da onu 1 manatdan artıq sata bilməz. Belədə münasibətlər bu ölkədə gözəl tənzimlənir. Azərbaycanda isə bildiyiniz kimi, əsas mal-məhsul idxal olunur. İdxal olunan mal, məhsulun dəyəri də bilərəkdən süni şəkildə aşağı endirilir. Gürcüstandan ölkəmizə idxal olunan iri buynuzlu mal-qaranın hər birini 2013-cü ildə 29 dollar 90 sentə dəyərləndirmişdilər. Bu qədər qiymətə 120-150 kq ət verən cöngəni almaq mümkündürmü? Ölkəyə gətirilən pendirin 1kq-ı 60 qəpiyə sənədləşdirilib. Rusiya və Vyetnamdan gətirilən balıqların 1 kq 40 qəpiyə dəyərləndirilib. Necə ki, ölkəmizdə idxalla bağlı mal, məhsulun dəyəri dəqiq müəyyənləşdirilmir, istehsalla bağlı qiymətlər tam aydın deyil, bu kimi məsələləri tənzimləmək problemli olacaq. Azərbaycan fermerləri vergi ödəmədikləri üçün heç qeydiyyat da aparmırlar. Məhsulun maya dəyəri neçəyə başa gəlir, hansı xərclər çəkilir, bu haqda hesabatlar aparılmır. Gözəyarı qiymət müəyyən etmək isə düzgün deyil. Bu gün heç bir məmur müəyyən edə bilməz ki, çörəyin maya dəyəri neçəyə başa gəlir. Çünki, istehsal bəlli deyil, idxalla bağlı müəyyən problemlər var. Bunu ancaq fermer və istehsalla məşğul olan sahibkar bilir. O unu neçəyə aldığını, bir kisə undan nə qədər çörək əldə edildiyini və digər xərclərini də hesablayıb, ona uyğun da xərclərini müəyyənləşdirir. Un, onun üyüdülməsi, daşınma haqlarını da bu işlə məşğul olan şirkətlər bilir. Ancaq buğdanın qiymətində fərqli nəticələr ortaya çıxa bilər. Birinci növbədə istehsalla bağlı mövcud problemləri aradan qaldırmalıyıq. Hansı bölgədə, hansı məhsulun istehsalının neçəyə başa gəldiyi haqqda hökumət məlumatlanmalıdır. Ondan sonra sahəyə hər hansı formada dövlət dəstəyi həyata keçirilməlidir. Belə olarsa, ölkəmizdə də həmin təcrübəni tətbiq etmək olar. İndiki halda isə bu məsələ həllini tapan iş deyil”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600