!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şura mühüm əhəmiyyət kəsb edən bu layihələri maliyyələşdirib

!Reklam – Yazi

2018-ci ildə ölkəmizdə çoxsaylı yerli və beynəlxalq miqyaslı tədbirlər keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da cari ildə müvafiq sahə üzrə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində uğurlu fəaliyyət göstərib. 

Mayın 7-də Şuranın təşkilatçılığı ilə Bakıda ümummilli liderimiz Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbirdə vurğulanıb ki, ulu öndər Heydər Əliyev daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi ilə qürur duyduğu və xalqının gələcək nəsillərinin xoşbəxt taleyi üçün yorulmadan çalışdığı doğma yurdu Azərbaycanı XX əsrin sonlarında üzləşdiyi zamanın ağır və sərt sınaqlarından məharətlə çıxarıb. Konfransda həmçinin, Şuranın sifarişi ilə hazırlanmış ümummilli lider Heydər Əliyevə həsr olunan “Alilikdə sadəlik” adlı qısametrajlı sənədli filmin təqdimatı keçirilib.

Bildiyimiz kimi, prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Şura bu əlamətdar hadisəni də layiqincə qeyd edib. Mayın 23-də Şura Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan “Müsəlman Şərqində ilk demokratik respublika” adlı elmi-praktiki konfrans keçirib. Konfransda həmçinin, Şuranın Cümhuriyyətin yaranmasının 100-cü ildönümü münasibəti ilə hazırladığı qısametrajlı filmə baxış keçirilib. Toplantıda bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə silinməz izlər qoyub. Cümhuriyyət xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin yenidən müstəqil olması üçün etibarlı zəmin hazırlayıb.

Bu il həm də dövlətin QHT sektoru sahəsində siyasətini həyata keçirən başlıca qurum olan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaranmasının 10 ili tamam oldu. Bu 10 il ərzində Şura vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərə müxtəlif sahələrdə xidmətlərin göstərilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli maraqlarımızın beynəlxalq aləmdə müdafiəsi və təbliği, dövlət orqanları ilə QHT-lər arasında münasibətlərin təkmilləşdirilməsi və bir çox digər sahələrdə uğurlu fəaliyyət göstərib. Şura ötən 10 illik fəaliyyəti ilə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına böyük töhfə verib və cəmiyyətin maariflənməsində böyük rol oynayıb.

Şuranın dəstəyilə fəaliyyət imkanlarını artıran, xeyli inkişaf edən QHT-lərin bu gün ictimai həyatın bütün sahələrində aktivliyi müşahidə olunur. Şura 2018-ci ildə də dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən QHT layihələrinin həyata keçirilməsinə dəstək olub. Belə ki, 2018-ci il birinci maliyyə yardımı müsabiqəsi çərçivəsində “Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin problemlərinin həllinə dair təşəbbüslər” və “Narkomaniya, İnsan İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmunçatışmazlığı Sindromu (İİV/QİÇS) ilə mübarizəyə dair təşəbbüslər” istiqaməti üzrə 65 layihə icra olunub. Bu istiqamətlər üzrə icra olunan layihələr çərçivəsində sağlamlıq imkanları məhdud olan şəxslər üçün kurslar açılıb, fiziki imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzi fəaliyyətə başlayıb, görmə imkanları məhdud olan uşaqların intellektual inkişafı üçün vəsaitlər hazırlanıb. Regionlarda şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası və sosial problemlərinin həllinə dəstək göstərilib. “Əngəlsiz turizm” şüarıyla sağlamlıq imkanları məhdud gənclərin gəzintisi, görmə qabiliyyəti zəif uşaqlar üçün informasiya mərkəzi təşkil edilib. Cəbhəyanı bölgələrdə yaşayan məktəblilərə psixoloji yardımların göstərilməsi, cəzaçəkmə müəssisələrində İİV/QİÇS – in profilaktikasında maarifləndirmə işinin və psixoloji xidmətin təşkili, “Narkomaniya: çətin və erkən ölüm” mövzusunda əhalinin maarifləndirilməsi, “Narkomaniya cənublu məktəblilərinin gözü ilə” adlı rəsm müsabiqəsi və sərginin təşkili, gəncləri arasında QİÇS və narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə maarifləndirmə işinin təşkili və digər adlarda maraqlı layihələr icra edilib. Ümumilikdə qeyd olunan mövzularda 1 pyes, 1 teatr tamaşası, 2 video çarx hazırlanıb, 28 təlim, 1 sərgi və 148 müxtəlif adlı digər tədbir təşkil olunub. Bu təlim, seminar və digər tədbirlərdən 7040 nəfər faydalanıb. Eyni zamanda bu layihələr çərçivəsində sosial çarxlar çəkilib, buklet, braşür, kitabça və digər çap məhsulları hazırlanıb.

2018-ci ildə qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin problemlərinin həllinə dair təşəbbüslərin keçirməsinə kömək məqsədi ilə Bakı Türk Anadolu Liseyində və Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda maraqlı ədəbi–bədii tədbirlər təşkil edib. Bakı şəhərində yaşayan sağlamlıq imkanları məhdud olan və işə düzəlməkdə çətinlik çəkən 20 nəfər gəncə ACCA-nın “F3-Maliyyə uçotu” kvalifikasiyası üzrə peşəkar təlimçi tərəfindən tam kurs keçilib. Kursun yekununda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Elm-Tədris Mərkəzinin nümayəndələrinin nəzarəti ilə sertifikat imtahanı olub. Abşeron rayonu Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün salınmış şəhərcikdə məckunlaşmış məcburi köçkün üşaqların kardiorevmotoloji xəstəlikləriylə bağlı 46 nəfər uşaq həkimlər tərəfindən müayinə olunub. Anamnestik və klinik müayinələrlə 3 uşaq müvafiq tibbi avadanlıqla yoxlanılıb, 6 nəfər uşaqda pulsoksimetriya aparılıb. 46 uşağın hamısı sadə yolla burun, boğaz otoskopik müayinəsindən keçirilib. Xocalı şəhəri, Ağdam, Füzuli rayonlarından olan məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan bir qrup insanın asudə vaxtının səmərəli keçirilməsi üçün proqram tərtib edilib. Onların Şirvanşahlar sarayı, Qız Qalası tarixi kompleksi, İçəri şəhər tarix memarlıq ərazisinə səfəri təşkil edilib. Bu şəxslər tariximizin müxtəlif dövrlərinə aid maraqlı məlumatlarla tanış edilib. Heç zaman canlı görmədikləri, şəkillərdən izlədikləri yerləri həmçinin, tarixi yerləri, abidələri gəzdirməkdə məqsəd əlilliyi olan şəxslərin həyata daha sıx bağlanmaları üçün stimul yaratmaqdır.

Əhalinin, xüsusi ilə gənc nəslin nümayəndələrini narkomaniyanın bəlaları ilə tanış edərək onları bu zərərli vərdişdən uzaq tutmaq məqsədilə peşəkar aktyorların iştirakı ilə hazırlanmış “Bəla” tamaşasının təqdimat mərasimi barədə “Lider” və “Azad Azərbaycan” kanallarında reportaj nümayiş olunub. Narkotikanın bəlalarından bəhs edən bu tamaşada həm də dövlətin bu sahədə apardığı mübarizənin müsbət nəticələrindən danışılır. Narkotik maddələrin gətirdiyi bəlanın dəhşəti bu tamaşanın qəhrəmanlarının yaşadığı faciəli talelərdə daha aydın görünür. “Bəla” həmçinin, ARB TV “Rezonans” proqramında yayımlanıb.

İcrasına nəzarət üzrə təhkim olunduğum layihələrin coğrafiyası Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərini, Yevlax, Tərtər, Ağdam, Sabirabad, Samux, Qəbələ, Bərdə, Quba, Göygöl, Neftçala, Zaqatala, Şəmkir, Qazax, Lənkəran, İsmayıllı, İmişli və Saatlı rayonlarını əhatə edib. 2018-ci il ikinci maliyyə yardımı müsabiqəsində “Dini dəyərlərin təbliğinə və radikal dini cərəyanlarla mübarizəyə dair təşəbbüslər” istiqaməti üzrə 11 layihə icra olunub. Bu istiqamət üzrə müxtəlif seminarlar və təlimlər təşkil olunub. “Kamillik zirvəsi” adlı sənədli filmin hazırlanması, “İslam ideyalarının təbliği istiqamətində maarifləndirici tədbirlərin keçirilməsi”, “Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliği”, “Dini radikalizmə qarşı ideoloji mübarizənin təşkili”, “Uşaqların zərərli dini cərəyanlardan qorunması üçün regionlarda seminarların təşkili” və digər adda həyata keçirilən layihələr çərçivəsində müxtəlif tədbirlər reallaşdırılıb, braşür, kitab və digər çap məhsulları hazırlanıb. İnanıram ki, ölkəmizin müstəqillik əldə etməsi ilə başlanmış bu iş uğurla davam etdiriləcək.

Bütün bunlar və yazıda qeyd etmədiyim yüzlərlə faktlar bir daha göstərir ki, Şura QHT-lərin cəmiyyət üçün faydalı olan çoxsaylı layihələrinin icrasına dəstək olur. Cəmiyyətin maarifləndirilməsi, milli maraqlarımızın qorunması üçün böyük əmək sərf edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin aparıcı məsləhətçisi Rövşən Həmidov

COP29

www.yenicag.az

11162
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv