Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Suriya teatrında yeni “pərdə”: “Rusiya ram edilənə qədər...”

“Türkiyənin ifadə etdiyi mövqe Ankaranın çevik diplomatiya sayəsində öz maraqlarını təmin etməyə yönəlib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında koalisiya qüvvələrinin Suriyanı bombalamasından sonra hadisələrin mümkün inkişafını dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.

Əlizadənin fikrincə, Rusiyanın mövcud durumu Suriya böhranının nizamlanmasında ABŞ başda olmaqla Qərb koalisiyası  ilə rəqabət aparmağa imkan vermir:

“Son günlər verilən bəyanatlar fonunda Qərb koalisiyasının əsas dövlətləri olan ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya raket zərbələri endirəcəyi gözlənilən idi.

Bununla belə, Suriya teatrının əsas “aktyor”ları olan ölkələrin bir-birilərinə qarşı kəskin ritorikalarına baxmayaraq, onların heç biri açıq və genişmiqyaslı hərbi toqquşmaya getməyi arzulamır. Çünki bunun nə ilə nəticələnəyini yaxşı bilirlər.

O baxımdan, Qərb üçlüyünün Suriyada məhdud sayda hərbi obyektləri, ən əsası, Rusiya qoşunlarının olmadığı bazaları vurması təəccüblü deyil. Fikrimcə, Suriyaya hərbi zərbələrin endirilməsi bununla məhdudlaşmayacaq. Hər halda, dünya liderliyi uğrunda mübarizədə “Kim kimi?” sualı öz cavabını hələ tam olaraq tapmayıb.

Buna görə də, qarşıdurma və növbəti zərbələr qaçılmazdır. Qərb Rusiyanı ram edənə qədər bu siyasətindən dönməyəcək. Aydın məsələdir ki, Rusiyanın iqtisadi durumu Qərblə rəqabət aparacaq vəziyyətdə deyil.

Həmçinin Rusiyanın ali rəhbərliyinə daxil olan şəxslərin övladları Qərb ölkələrində yaşayırlar, bütün oliqarxların pulları da Qərb dövlətlərində saxlanılır. Onlar öz övladlarına və pullarına raket atmayacaqlar ki…

Bu fonda Türkiyənin ifadə etdiyi mövqe Ankaranın çevik diplomatiya sayəsində öz maraqlarını təmin etməyə yönəlib. Belə bir vəziyyətdə Türkiyənin iki əsas hədəfini qeyd etmək olar: Bəşər Əsəd rejiminin devrilməsi və bölgədə kürd dövləti yaradılmasına imkan verilməməsi.

İndiki şəraitdə Türkiyə ilə Rusiya arasında münasibətlər çox yaxınlaşıb və Moskva Ankaranın maraqlarını nəzərə almağa çalışır. Eyni zamanda, Türkiyə NATO-nun üzvü olaraq, Qərb üçün də öz əhəmiyyətini qoruyub saxlayır. Ona görə də, Ankara Suriya böhranında yürütdüyü çevik siyasətlə öz maraqlarını qorumaq imkanına malikdir və bundan yararlanacaq.

Qərb koalisiyasının Suriyanı bombalamasına İran da kəskin reaksiya verdi və bu da qeyri-adi hal deyil. İran regionda güclənməyə çalışır və Qərbin o bölgədən sıxışdırılmasını istəyir. Öz növbəsində Qərb də İranın Suriyada möhkəmlənməsinin qarşısını almağa çalışır. Bu çərçivədə beynəlxalq hüquq normalarına zidd addımlardan da çəkinmir. Buna görə də, İran maraqlarına təhlükə gördüyü bütün aksiyalara kəskin münasibət bildirir.

Hazırda vəziyyət bundan ibarətdir. Yuxarıda da dediyim ki, Suriya böhranı, böyük ehtimalla, Rusiyanın ram edilməsinə qədər aradan qalxmayacaq”.

Qeyd edək ki, Qərb koalisiyasının bu ölkədə hərbi mövcudluğu digər ölkələr tərəfindən fərqli reaksiyalar doğurub.

Rusiya və İran Xarici İşlər Nazirlikləri aviazərbələri kəskin şəkildə pislədikləri halda, Türkiyə bu əməliyyatı alqışlayıb.

A.Zeynalov

www.yenicag.az

1425
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS