"Mən demişəm, bir daha demək istəyirəm ki, tariximizin həqiqətə uyğun olması ilə bağlı bizim alimlər, bizim mütəxəssislər gərək dolğun məlumat versinlər, tariximizi malalamasınlar. Bizə saxta tarix lazım deyil. Sovet dövründə nə qədər saxta tarixlə üzləşmişdik. Bizim qəhrəmanlarımız düşmən kimi göstərilirdi. Xalqımızın düşmənləri, qaniçənlər qəhrəman kimi göstərilirdi. 26 Bakı komissarı - o erməni bolşevik quldur dəstəsi qəhrəman kimi göstərilirdi. Ancaq onlara qarşı vuruşan milli vətənpərvər insanlar düşmən kimi göstərilirdi. Biz bunu görmüşük. Bizim nəsil bunu görüb, saxta tarix nədir. İndi yenə kimsə saxta tarix yaratmaq istəyir. Yenə kimsə hansısa fərarinin, satqının, qorxağın günahlarını yumaq istəyir. Biz buna imkan verə bilmərik. Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir".