Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2021-ci il və 2022-ci ilin birinci yarısında Mədəniyyət Nazirliyinin müraciəti əsasında 11 halda araşdırma aparılıb. Araşdırmalar nəticəsində Bakı şəhəri, Bərdə, Şamaxı, Ağcabədi və Kürdəmir rayonları ərazisində yerləşən mədəniyyət müəssisələrinin rəhbər vəzifəli şəxslərinin əsasən dələduzluq, mənimsəmə və israf etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətləri törətmələri faktlarına dair 8 cinayət işi başlanıb.
“Azərişıq” ASC-nin Mingəçevir Mərkəzi “Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin sabiq əməkdaşları Rəsul Abuşov və Rəfael Rəhimovun vətəndaşdan pul tələb edib almaları faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.