Taksi sektorunda böyük narazılıq: Sürücü və sərnişin necə üz-üzə qoyulur?

media-hightechnic-468x90

Taksi sürücülərinin problemləri yenidən gündəmə gəlib. Son dövrlərdə bu sahədə çalışan şəxslər yüksək komissiya haqları, ödənişlərin gecikdirilməsi və sifariş sistemindəki qeyri-şəffaf məqamlarla bağlı narazılıqlarını daha kəskin şəkildə ifadə edirlər.

media-banner_tuq

Mütəxəssislər hesab edir ki, mövcud vəziyyət həm sürücülərin rifahına, həm də ümumilikdə xidmət keyfiyyətinə mənfi təsir göstərir.

Mövzu barədə Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, hazırda fəaliyyət göstərən bəzi taksi operatorları sürücülərdən göstərdikləri xidmətə görə yüksək komissiya haqqı tələb edir ki, bu da onların qazancını əhəmiyyətli dərəcədə azaldır:

“Bu gün ölkəmizdə fəaliyyət göstərən bəzi taksi şirkətləri sürücülərdən çox yüksək komissiya haqqı alırlar. Nəticədə sürücülərin gündəlik qazancı azalır, bu isə onların sosial rifahına birbaşa təsir edir. Hesab edirəm ki, bu sahədə müəyyən tənzimləmə mexanizmləri tətbiq olunmalı və komissiya haqları daha optimal səviyyəyə endirilməlidir”.

Ekspert bildirib ki, sürücülər arasında əsas narazılıq doğuran məqamlardan biri də qeyri-nağd ödənişlərin gecikdirilməsidir. Onun fikrincə, bu hal sürücülərin gündəlik fəaliyyətini ciddi şəkildə çətinləşdirir:

“Taksi sürücüləri tez-tez şikayət edirlər ki, operator şirkətlər onlara çatacaq qeyri-nağd ödənişləri vaxtında köçürmürlər. Bu isə ciddi problemdir. Çünki taksi fəaliyyəti elə bir sahədir ki, sürücünün hər gün yanacaq, texniki xidmət və digər xərcləri olur. Onların daim nağd vəsaitə ehtiyacı var. Ödənişlərin gecikdirilməsi bu baxımdan əlavə çətinliklər yaradır və sürücüləri borclanmağa belə məcbur edir”.

Eldəniz Cəfərov əlavə edib ki, bəzi hallarda taksi operatorları sürücü ilə müştəri arasında anlaşılmazlıqlara səbəb olan mexanizmlər tətbiq edirlər:

“Məsələn, sürücü sifarişi qəbul edən zaman məbləğ barədə əvvəlcədən məlumatlı olmur. Bu isə sonradan narazılıqlara yol açır. Eyni zamanda, sistemdə sürücüyə göstərilən çatma vaxtı ilə sərnişinə təqdim olunan vaxt fərqli olur. Bu cür uyğunsuzluqlar həm sürücüləri, həm də müştəriləri narazı salır və xidmətin keyfiyyətinə mənfi təsir göstərir”.

Ekspert hesab edir ki, mövcud problemlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarının nəzarəti gücləndirilməlidir. Onun sözlərinə görə, bu istiqamətdə konkret addımlar atılarsa, bazarda daha sağlam və ədalətli mühit formalaşa bilər:

“Vergi xidməti və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu məsələ ilə ciddi məşğul ola bilər. Taksi operator şirkətlərinə açıq şəkildə bildirilməlidir ki, sürücülərin hüquqları pozulmamalıdır. Əks halda bu sahədə narazılıqlar daha da artacaq və nəticədə xidmətin ümumi səviyyəsi aşağı düşəcək”.

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05