Tanınmış iqtisadçıdan ciddi xəbərdarlıq: “Əsil yıxılma hələ qarşıdadır”
“Mərkəzi Bankın valyuta ehtiyatlarına dair açıqladığı son məlumat haqda artıq, lazım olanlar deyilib. Odur ki, bir sıra ekspertlər tərəfindən söylənilənləri təkrar etmək istəmirəm”-bu sözləri iqtisadçı ekspert Pərviz Heydərov deyib.
Ekspert bildirir ki, manatın dəyərinin saxlanması üçün ölkənin valyuta ehtiyatları əriyir və bu proses getdikcə, daha böyük sürət alır. Bu, isə ölkədə bir neçə illərin ərzində əldə olunmuş makriqtisadi sabitliyin artıq, pozulmağa başlandığı deməkdir. Bu ilin fevralın 21-də manatın 30 faizdən çox ucuzlaşdırılması həmin sabitliyin əslində, bir dayağının qaçdığı demək idi.
“Lakin belə görünür ki, əsil “yıxılma” hələ qarşıdadır. Çünki bir daha təkrar edirik ki, proses gözlənildiyindən sürətlə gedir”-deyə Pərviz Heydərov sözlərinə əlavə edib.
“Məsələ bundadır ki, mart ayında MB-nin manatı saxlamaq üçün 1,5 milyard xərcləməsi olduqca böyük məbləğdir. Odur ki, bəzi ehtimallarımı bölüşmək istəyirəm.Əvvəla, manatın kursunun 1 gündə 30 faizdən çox ucuzlaşdırılması o demək deyildi ki, onun dəyərini saxlamaq üçün artıq, dollar xərclənməyəcək. Və MB bundan sonra valyuta ehtiyatlarını qoruyub saxlayacaq. Əsla !.. Ölkənin valyuta gəlirləri sabitləşənə qədər bu tendensiya davam edəcək. Və nəzərə alsaq ki, manatın məzənnəsi valyuta bazarında deyil, MB tərəfindən müəyyən olunur – tənzimlənir, deməli, necə deyərlər müvafiq əziyyəti də MB özü çəkməlidir”-deyə ekspert qeyd edib.
“Ancaq iş ondadır ki, sözügedən tendensiya mart ayındakı templə davam etməli deyil və bu, qətiyyən məntiqə uyğun gəlmir. Adı çəkilən qurumun rəsmi valyuta ehtiyatları haqda açıqladığı statistikaya diqqət yetirsək dekabr ayında 1238 milyon, yanvarda 1077,5 milyon, fevralda 1676.4 milyon, martda isə 1532.3 milyon dollar azalmışdır.
Göründüyü kimi azalma tempi fevral ayı ərzində necə olubsa martda da demək olar, eyni xarakter daşıyıb. Bu yerdə Prezidentin bu ilin fevralında manatın dəyəri ucuzlaşdırıldıqdan bir az sonra Mingəçevirdə çıxışı zamanı dediyi sözləri xatırlamaq lazımdır: “Biz gördük ki, müəyyən ajiotaj yarandı. Manatın məzənnəsində bir qədər dəyişiklik olan kimi, əhali puldəyişmə məntəqələrinə üz tutdu və kütləvi şəkildə dollar almağa başladı. Eyni zamanda, bəzi möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün bu vəziyyətdən istifadə etmişlər.”- həmçinin Pərviz Heydərov xüsusilə vurğulayıb.
İqtisadçı sonda bunları qeyd edib : “Odur ki, martda 1,5 milyard azalmanı sırf obyektiv səbəblərlə əlaqələndirmək çətindir. Sirf iqtisadi təzyiqlərə qalsa idi, bu məbləğ maksimum 800 milyon və yaxud 900 milyon dolllar təşkil etnəliydi.. Başqa sözlə desəm, ən azı 600-700 milyon dollar qeyri-obyektiv tələbin ucbatından və yaxud təsirdən manata dəyişdirilərək ya ölkədən çıxarılıb, ya da “ciblərdə” saxlanılıb…. Bizcə, hər ikisi baş verib”.
Kamran