Tanınmış politoloq Papanı əqli xəstə adlandırdı – Azərbaycanda
Roma papasının qondarma erməni soyqırımı ilə bağlı məlum bəyanatının arxasında nə dayanır?
Politoloq Elman Nəsirov Yenicag.az-a bildirib ki, Roma Papasının qondarma erməni soyqırımına XX əsrin ilk soyqırımı kimi qiymət verməsi Ruandada, Bosniyada baş vermiş soyqırımları isə kütləvi ölümlər kimi dəyərləndirməsi bir sıra nəticələr çıxarmağa əsas verir.
“Birinci sual ondan ibarətdir ki, axı nə baş verib ki, Roma Papası belə kəskin şəkildə öz mövqeyini dəyişib. Nəzərə alsaq ki, bir müddət əvvəl onun Türkiyəyə səfəri zamanı qondarma erməni soyqırımı ilə bağlı məsələlərdən söhbət gedərkən o tamamilə fərqli mövqedə dayanmışdı və heç bir halda onun Türkiyə səfəri zamanı bir əlaməti də yox idi ki, o məhz bu hadisələrə soyqırım kimi qiymət verəcək. İkincisi, Azərbaycan prezidenti cənab İlham Əliyevin Vatikana rəsmi səfəri oldu. Roma Papası ilə görüşdə də heç bir əlamət, müəyyən nüans olmadı ki, Roma Papası bir qədər sonra belə bir bəyanat verəcək. Bundan savayı, Roma Papasının özü son zamanlar Ermənistanda ciddi siyasi ajiotaja səbəb olan bəyanat qəbul etmişdi ki, o, heç bir halda aprelin 24-də Ermənistanda keçiriləcək mərasimlərə qatılmayacaq. Ermənistanda böyük bir çaxnaşma yarandı və bildirdilər ki, bu kiçik Vatikan dövlətinin gəlişi anlamında olsaydı, yenə dərdyarı idi. Onun bu bəyanatı bütün katolik dünyasına ünvanlanmış bəyanatdır. Belə anlaşıdı ki, Katolik dininə sitayiş edən dövlətlərin rəhbərləri də bu mərasimə qatılmayacaqlar”-deyə Elman Nəsirov sözlərinə edib.
Politoloq Elman Nəsirov Roma Papasını bu addımını onun fiziki və əqli çatışmazlığı ilə əlaqəndirdi.
“Bütün bunlardan sonra Roma Papasının belə bir mövqedən çıxış etməsi ilk baxışdan anlaşılan deyil. Bir qədər məsələnin mahiyyətinə vardıqda, müəyyən nəticələrə gəlmək mümkündür. Hesab edirəm ki, birinci səbəb onunla bağlıdır ki, deyəsən Roma Papası fiziki və əqli məsələlərdə problemlər yaşayır. Çünki bir qədər öncə o etiraf etmişdi ki, yorulub və vəzifəsindən getmək istəyir və sərbəst həyat yaşamaq niyyətindədir. Yəni, bu vəzifədə qalmaq onun üçün məşəqqətli bir məsələyə çevrilmişdi. Bir sözlə hesab edirəm ki, Roma Papasının öz mövqeyindən 180 dərəcə dəyişməsi onun fiziki və əqli problem ilə izah etməyə çalışardım”.
Politoloq, Papanın bu qərarını həmçinin xristian həmrəyliyi ilə də əlaqələndirdi.
“Digər tərəfdən hesab edirəm ki, Roma Papası xristian həmrəyliyi nümayiş etdirdi. Burada xristian həmrəyliyi ifadəsi biraz yumşaq ifadədir. Bir qədər də sərt desək, Roma Papası əslində İslamafobiya qüvvələrinin yanında yer aldı. Bugün islamafobiya qüvvələri hay-həşir salırlar ki, müsəlmanların sayı 1900-cü ildə 150 milyon idi, 100 ildən sonra 1 milyard 300 milyona gəlib çatıb. Elə bu kimi səbəblərdən adıçəkilən qüvvələr həyəcan təbili çalırlar. Düşünürəm ki, islamafobiya qüvvələr bundan çox narahatdır. Buna görə də müsəlman dünyasına qarşı müxtəlif iftiralar yağdırırlar, təzyiq elementləri işə salırlar. Roma papasının qondarma erməni soyqırımı ilə bağlı məlum mövqeyi də İslamafobiya qüvvələrinin təsiri altındadır və eyni zamanda Roma Papası onlarla bərabər sırada dayanmasını təsdiqi kimi də dəyərləndirilə bilər”.
Sonda politoloq Elman Nəsirov Roma Papasını bu addımın dünyaya hansı fəsadlar gətirəcəyini belə şərh etdi.
“Belə olan halda, vəziyyətdən çıxış yolu imkanları çox məhdudlaşır. Artıq, Türkiyə özünü Vatikandakı səfirini geri çağırıb. Vatikanın Türkiyədəki, səfiri xarici işlər naziriliyinə dəvət alıb və ona etiraz bildirilib. Bir məqamı da qeyd edim ki, mümkündür ki, Ermənistanda kompromis əldə edilib. Yəni Vatikan rəhbəri Ermənistana tədbirə qatılmır. Əvəzində Ermənistan prezidenti Vatikana gəlir. Nəticədə belə bir bəyanatla çıxış edir. Digər tərəfdən qeyd edək ki, Türkiyə ilə vəziyyətdən çıxış yolları da var. Yəni, Vatikan rəhbəri etiraf etsin ki, o əslində soyqırım ifadəsini işlətməyib. Ermənistan mətbuatı,müəyyən maraqlı tərəflər məhz onu soyqırım kimi tərcümə ediblər. Böyük fəlakət yaxud kütləvi ölümlər ifadəsi işlədib. Yeganə çıxış yolu düşünürəm ki, yalnız budur. Ancaq Roma Papası yenidən XX əsrin soyqırımı kimi bunu israr etsə, bu halda təkcə Türkiyə-Vatikan münasibətləri deyil, eyni zamanda katolik dünyası və müsəlman dünyası arasında çox ciddi problemlərin yaşanmasına gətirib çıxara bilər. Mədəniyyətlər arası dialoq, sivilizasiyalar arası dialoq prosesinə çox ciddi zərbə vurmuş olar”.
Kamran