“Çox vaxt bu forumların faydası daha çox orada səsini qaldıran, təkliflərlə çıxış edən insanlara dəyir”.
Bunu paytaxtda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumu ilə bağlı fikirlərini bölüşərkən tanınmış dramaturq Firuz Mustafa Yenicag.az-a açıqlamasında deyib.
Teatr sahəsində çox sayda problemlərin olduğunu vurğulayan yazıçı yeni təyin olunan mədəniyyət nazirindən gözləntilərini dilə gətirib:
“Bu forumların faydası daha çox orada səsini qaldıran, təkliflərlə çıxış edən insanlara dəyir. Necə deyərlər, ağlayana “pəpə” verirlər. Maaş və digər məsələlərə gəlincə, yeni təyin olunan nazir gənc və enerjili insandır, yəqin ki, bu məsələləri nəzərdən keçirər. Mən, ümumiyyətlə, fərdi qaydada yox, hər bir məsələyə kompleks halda yanaşmağın tərəfdarıyam. Rəssamlıq, musiqi və incəsənətin bütün növlərinin inkişafından söhbət gedir. Son illər Azərbaycanda sanballı, monumental musiqi əsəri demək olar ki, nəzərə çarpmır. Ədəbiyyat və rəssamlıq sahəsində yaxşı əsərlər var, onlar da dünyaya çıxmır. Beynəlxalq səviyyədə müsabiqələrin keçirilməsinə ehtiyac var.
Teatrların da böyük problemləri var. Teatrlar arasında demək olar ki, rəqabət yoxdur. Hər bir teatr direktoru nazir kimi bir kresloya çöküb, istədiyi kimi “rəhbərlik” edir. Gözləntilərim çoxdur. Quranda da var ki, ümidsiz şeytanlardır. Ümid edirəm ki, yaxşı olacaq”.
Cəvahir
www.yenicag.az