Tarixi AN YAXINLAŞIR – “Vaşinqton formatı sabitliyin açarı ola bilər”
“Vaşinqtonda imzalanacaq sülh sənədinin təminatı daha güclü olacaq”
Azərbaycanla Ermənistan arasında sülh sazişinin ABŞ-də imzalanması ehtimalı və bu prosesin region üçün əhəmiyyəti ilə bağlı Yenicag.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Vaşinqton formatı həm sənədin icra təminatı, həm də beynəlxalq dəstək baxımından daha əlverişli görünür.
“ABŞ-nin Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün rolu çox önəmlidir. Çünki bu sənədin Vaşinqtonda imzalanması məsələnin müsbətə doğru irəliləməsində mühüm rol oynayacaq. Hər iki tərəf bunu nəzərə alıb və bu istiqamətdə addımların atılması vacib sayılır,” – deyə deputat vurğulayıb.
Fazil Mustafanın sözlərinə görə, hazırda gedən proseslər artıq ciddi irəliləyişin göstəricisidir və belə formatda əldə olunacaq razılaşmanın beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi ehtimalı kifayət qədər yüksəkdir:
“Orada imzalanacaq sənədin təminatı da daha yüksək səviyyədə olacaq. Bu yanaşma həm də icra mexanizmlərinin möhkəmləndirilməsinə, həmçinin sülhün dayanıqlı olmasına zəmin yarada bilər.”
Deputat əlavə edib ki, ABŞ-nin vasitəçiliyi, xüsusilə də tərəflər arasında qalan həssas məsələlərin tənzimlənməsi baxımından, balanslı nəticələrin əldə olunmasına töhfə verə bilər:
“Ümumilikdə bu yanaşma regionda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün real perspektivlər açır.”
Nəsimi Ələsgərli