Tarixi basdırılan millətin gələcəyi olmaz – Tənzilə Rüstəmxanlı kollektiv yaddaşsızlıqdan yazır

media-hightechnic-468x90

O gün Yılmaz Özdilin yazısını oxuduqdan sonra fikirlərim istər-istəməz Azərbaycan tarixinin üzərinə gəldi.

Çünki orada yazılanlar bizə də çox tanışdır. Bizim də yad torpaqlarda qalan məzarlarımız, adı çəkilməyən şəhidlərimiz, susdurulmuş yaddaşımız var. Tək fərqimiz odur ki, biz bu ağrını çox vaxt içimizdə gizləmişik, onu sistemli şəkildə gələcək nəsillərə bir irs kimi ötürə bilməmişik.

Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri 1937-ci il repressiyalarıdır. Minlərlə ziyalı, şair, alim və dövlət xadimi güllələndi, sürgün edildi, Sibirin buzlu torpaqlarında adsız məzarlara tapşırıldı. Onların bir çoxunun son mənzili illərlə gizli qaldı. Bu, təkcə fiziki məhv deyil, həm də milli yaddaşın qırılması idi; xalq öz düşünən beynini, döyünən qəlbini itirirdi.

Lakin tariximizdə olduqca önəmli və simvolik bir addım da var. Məhz Heydər Əliyev böyük siyasi iradə göstərərək Hüseyn Cavidin nəşini Sibirdən Azərbaycana gətirtdi. Bu, sadəcə bir şairin məzarının vətənə qayıtması deyildi; bu, repressiya qurbanlarına verilən mənəvi bəraət idi. “Dövlət Baba” mesaj verdi ki: “Biz sizi unutmadıq, sizi doğma torpağınıza qaytardıq və adınızı əbədiləşdirdik”. Beləliklə, Hüseyn Cavidin məqbərəsi yaddaşımızın daşlaşmış simvoluna çevrildi.

Bu nümunə təsdiq edir ki, tarixlə barışmağın ilk yolu onu tanımaq və adlandırmaqdır. Biz yaxın və uzaq tariximizi eyni qətiyyətlə əbədiləşdirməliyik. Nargin adasında həlak olan on minlərlə insanın taleyi sistemli araşdırılmalı; filmlərə, kitablara və dərsliklərə köçürülməlidir. 1937-ci ilin qurbanları yalnız elmi konfranslarda deyil, məktəb auditoriyalarında da tanıdılmalıdır. Bu adlar kollektiv yaddaşımıza silinməz hərflərlə həkk olunmalıdır.

Eyni zamanda, Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanların adları təkcə məzar daşlarında deyil, xalqın qəlbində yaşamalıdır. Onlar hansı kənddən idilər, hansı arzularla döyüşə getmişdilər, ailələri bu gün necə yaşayır – bütün bunlar danışılmalıdır. Çünki şəhidin hekayəsi danışılmadıqca, onun itkisi sadəcə bir statistikaya çevrilir.

Bu gün Azərbaycanın tarixi əbədiləşdirmək imkanları daha genişdir. Kino, serial və sənədli film sahəsində böyük potensial var. Tarix muzey vitrinlərindən çıxıb insanın qəlbinə köçməlidir. Dünyada bir xalqı tanıdan təkcə onun hərbi gücü deyil, həm də tarixi yaddaşıdır.

Məhz buna görə də tariximizin əbədiləşdirilməsi ruhsuz mətnlərlə və ya cansız kadrlarla məhdudlaşmamalıdır. Hollivuddan, yaxud qardaş Türkiyənin film sektorundan peşəkar sənətçilər, ssenaristlər və rejissorlar dəvət olunmalı, ortaq layihələr gerçəkləşdirilməlidir. Elə ekran əsərləri çəkilməlidir ki, izləyənlərin qanını hərəkətə gətirsin, yaddaşları silkələsin və milli qüruru oyatsın. Üç əsr sonra torpaqlarını işğaldan azad edən Azərbaycanın qəhrəmanlıq salnaməsi elə möhtəşəm formada ekranlaşdırılmalıdır ki, bu zəfər gələcək yüzilliklər üçün vizual yaddaşa çevrilsin.

Heydər Əliyevin Hüseyn Cavidlə bağlı atdığı addım bizə bir yol xəritəsi oldu. Dövlət iradəsi ilə unudulmuş tarix geri qaytarıla bilər. Bu gün də cənab Prezidentin imzaladığı sərəncamlar, xüsusilə “Azərbaycan Mədəniyyəti – 2040”Konsepsiyası çərçivəsində bu işlər sistemli şəkildə davam etdirilməlidir.

İndi növbə bizdədir. Biz öz şəhidlərimizi, sürgün edilən aydınlarımızı, məzarı bilinməyən qəhrəmanlarımızı tarixə qaytarmalıyıq. Unutmayaq ki, əbədiləşdirilməyən tarix bir gün yenidən təkrarlanmağa məhkumdur.

Tənzilə Rüstəmxanlı

Azərbaycan Milli Məclisinin üzvü

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa