!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təbiətə qarşı ARAMSIZ “SAVAŞ”: Bu “müharibə”də qazanılan qələbə bəşəriyyətin sonu olacaq - TƏHLİL

!Reklam – Yazi

Ekosistemin canlı orqanizm olması insanların da ətraf mühitə həssas yanaşmasını hər zaman zəruri edir.

Zaman-zaman ali varlıq hesab edilən insanların planetimizə vurduğu ziyanlar haqqında müxtəlif beynəlxalq təşkilatların geniş hesabatları yayımlanır, ayrı-ayrı ekoloji qurumların böyük fabrik və zavodların təbiətə axıtdığı zərərli tullantıların doğurduğu acınacaqlı nəticələr barəsində davamlı məlumatlar paylaşılır.

Ətraf mühitin təhlükəsizliyilə bağlı dövlətin öz üzərinə düşən işi görməyi ilə yanaşı, insanlardan da çox şey asılıdır. Azərbaycanın müstəqilliyini yenidən qazanmasından sonra dövlətin gördüyü işlər ölkəmizin ətraf mühitə verdiyi əhəmiyyətin göstəricisidir. Belə ki, prezident İlham Əliyev tərəfindən 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ətraf mühitin qorunmasına diqqəti daha da artırdı, ictimai maarifləndirmənin geniş vüsət almasına səbəb oldu.

“Ekologiya ili” çərçivəsində milyonlarla ağacın əkilməsi, müxtəlif layihələrin həyata keçirilməsi, ölkə rəhbərinin birbaşa iştirakı ilə yeni parkların salınması, yaşıllıq ərazilərin çoxaldılması sonrakı illərdə də davam edən mühüm prosesə çevrildi. Bunda başqa, Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan “Hərəmiz bir ağac əkək”, İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının həyata keçirdiyi işlər ətraf mühitin qorunmasına, sağlamlaşdırılmasına böyük töhfə verib.

Həmçinin 2003-cü ildə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zəngəzur Milli Parkı, Şirvan Milli Parkı, Ağgöl Milli Parkı, 2004-cü ildə Hirkan Milli Parkı, Altıağac Milli Parkı, 2005-ci ildə Abşeron Milli Parkı, 2006-cı ildə Şahdağ Milli Parkı, 2008-ci ildə Göygöl Milli Parkı, 2012-ci ildə isə Samur-Yalama Milli Parkının salınması, sonradan onların ərazilərinin genişləndirilməsi və həmin bölgələrdə təbii yaşam zonasının yaradılması ölkənin flora və faunasını qorumaq və yaşatmağa xidmət edir. Milli parklar həm də ekoturizmin inkişafına da təkan verir.

Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm tarix yazaraq Ermənistan tərəfindən işğal olunan torpaqlarını azad etdi, canlarından keçən qəhrəmanlarımız doğma yerlərin həsrətilə yaşayan insanların “Böyük qayıdış”ını təmin etdi. Nə qədər doğma torpaqların işğaldan azad edilməsinə sevinsək də, erməni vandallarının həmin ərazilərdə həyata keçirdiyi ekoloji terror hər kəsin ürəyini ağrıtdı. Daşı daş üstündə qoymayan vandalların 30 il ərzində yalnız təbiəti məhv etməklə məşğul olduqları üzə çıxdıqdan sonra onlar bu əməllərini yenə də davam etdirdilər.

Belə ki, 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya rəhəbərlərinin imzaladığı üçtərəfli bəyanatın müddəalarına əsasən, verilmiş vaxt ərzində Azərbaycan torpaqlarını tərk etməli olan ermənilər yaşadıqları evləri, meşələri odlayaraq bir daha öz vandallıqlarını nümayiş etdirdilər. Onların bu hərəkəti sübut etdi ki, ermənilər təbiət üçün də böyük təhdid təşkil edirlər.

Üzərindən iki ildən çox vaxt keçməsinə baxmayaraq, ölkə rəhbərlərinin bir neçə görüşünün nəticəsi kimi Azərbaycan ərazilərini tərk etməkdə olan ermənilər həmin addımları yenidən təkrarlayaraq Laçın meşələrini yandırırlar. Onların bu davranışları müvafiq dövlət qurumları tərəfindən aktlaşdırılaraq cinayət əməli kimi beynəlxalq qurumlara təqdim ediləcək, erməni xisləti bir daha bütün dünyanın diqqətinə çatdırılacaq.

Təəssüflə qeyd etməliyik ki, ətraf mühitin qorunması ilə bağlı aidiyyəti dövlət qurumlarının geniş təbliğat aparmalarına rəğmən, kiçik etinasızlıqlar hələ də böyük fəlakətlərə yol açmaqdadır. Ötən illərdə dünyanın dörd bir yanında geniş vüsət alan meşə yanğınlarının nəticələrinin hələ də hiss edildiyi, Türkiyə və Avstraliya kimi ölkələrdə ekoloji fəlakətlərin təsirləri aradan qaldırılmadığı halda, başqa-başqa ölkələrdən meşə yanğınlarına dair aramsız xəbərlər gəlməkdədir.

Artıq bir neçə gündür Azərbaycanın Şabran, Qəbələ, Quba, Siyəzən və Xaçmaz rayonlarında meşə və meşəətrafı ərazilərində davam edən yanğınların insan və ya qeyri-insan faktorundan qaynaqlanmasından asılı olmayaraq, vətəndaş məsuliyyəti məsələsini yenidən gündəmə gətirir. Türkiyədə meşə yanğınları davam edərkən ərsəyə gələn “Ciyərimiz yanır” şüarı bu gün Azərbaycan üçün də keçərlidir. Yanan hər bir ağac, hər bir yaşıllıq birbaşa həyatımıza təsir edir, ətraf mühitə dəyən ziyan “ciyərlərimizi yandırır”.

Bu yanğınlarla sadəcə yaşıllıqlar məhv olmur, həm də çoxlu heyvanlar diri-diri alovların qurbanına çevrilir. Buna görə də bu ölkənin vətəndaşları, bu planetin sakinləri olaraq ətraf mühiti daim qorumalı, dövlətin həyata keçirdiyi ekoloji siyasəti dəstəkləməklə qalmamalı, onun icraçısına çevrilməliyik. Unutmamalıyıq ki, təbiəti özümüzə deyil, özümüzü təbiətə uyğunlaşdırmalıyıq. Əks halda, Hubert Reevesin dediyi kimi, təbiətlə savaşı qazansaq, məğlub olacağıq.

Gülşən Şərif

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

936
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv