Tehran yenə dinc DAYANMIR – Əzizinin Azərbaycan azarının SƏBƏBİ NƏDİR?
“Azərbaycan Prezidenti “Əl-Ərəbiyyə” kanalına verdiyi müsahibədə İranla bağlı diqqətçəkən fikirlər səsləndirdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan İranın yeni seçilmiş Prezidenti və onun komandası ilə işgüzar və qarşılıqlı əməkdaşlıq münasibətlərinə malikdir. Bu əlaqələrin inkişaf xətti dövlətlərarası münasibətlərin əsas istiqamətini müəyyənləşdirir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.
Siyasi təhlilçi İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizinin guya “İsrailin Azərbaycan ərazisindən İrana qarşı istifadə etməsi” ilə bağlı təxribatçı açıqlamalarına münasibət bildirib.
Prosesləri şərh edən analitikin fikrincə, Prezident İlham Əliyev bildirdi ki, dövlət siyasətinə birbaşa təsir imkanı olmayan şəxslərin açıqlamaları hər nə qədər diqqət doğursa da, onların praktiki təsir gücü yoxdur:
“Bu baxımdan, İbrahim Əzizin səsləndirdiyi fikirlər də, ümumi proseslər fonunda, sadəcə müxtəlif mövqelərin ifadəsi kimi qəbul edilə bilər. Hər bir ölkənin daxilində fərqli baxışlar olsun, lakin rəsmi mövqe dövlət başçıları və hökumət üzvlərinin açıqlamaları ilə müəyyən edilir. Azərbaycanın rəsmi mövqeyi isə birmənalı şəkildə bəyan olunub ki, ölkə ərazisindən İrana qarşı hər hansı fəaliyyətə yol verilməyib və verilməyəcək. Bu prinsipial mövqe hər iki dövlətin rəhbərləri tərəfindən dəfələrlə diqqətə çatdırılıb”.
Onun sözlərinə görə, Prezident Əliyevin sözlərindən aydın olur ki, əsas olan iki ölkənin xarici siyasətinə birbaşa təsir gücünə malik mərkəzlərin – dövlət başçılarının və xarici işlər nazirliklərinin mövqeyidir:
“Digər fərdi açıqlamalar isə proseslərə yalnız dolayısı ilə təsir edə bilər. Əzizinin fikirlərində ABŞ ilə bağlı narahatlıqların da əks olunduğu hiss olunur, lakin strateji baxımdan önəmli olan Azərbaycan və İran arasında formalaşmış qarşılıqlı ünsiyyət və dövlət səviyyəsində qurulmuş əməkdaşlıqdır. Bununla bağlı isə ortada bir iradə və dövlət siyasi rəhbərliyinin fikirləri ortadadır”.
Rafi Müslümov