Tehranın "edam diplomatiyası": "İqtisadi böhranın bədəlini gənclər ödəyir"
“İran iqtisadi çətinliklər fonunda yeni etiraz dalğasını yatırmaq üçün daha bir etirazçını edam edib.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib.
Şərhçi İranda etirazlar zamanı həbs edilən daha bir gəncin edam edilməsini qətiyyətlə pisləyib:
“Təəssüflə qeyd etmək istərdim ki, biz həqiqətən hər gün İrandan etirazlarda iştirak edən şəxslərin edam xəbərini alırıq və bu edam edilənlərin əksəriyyəti gənclərdir, aralarında xanımlar da var. Bu, artıq İrandakı molla rejiminin əzazilliyinin daha bir təsdiqidir. Dövlət düşünməli idi ki, edam cəzasına fasilə versin, daha sonra ləğvinə çalışsın. Müasir dünyada edam cəzası qəbul edilmir. Bir neçə dövləti çıxmaq şərtilə əksər inkişaf etmiş ölkələr edam cəzasından imtina ediblər. Eləcə də Azərbaycan Respublikası bu cəzadan onillərdir imtina edib. Qardaş Türkiyədə, digər türk dövlətlərində bu cəza artıq yoxdur. Belə bir şəraitdə qonşuluğumuzda hələ də edam cəzasının saxlanması ondan xəbər verir ki, bu yolla insanlara gözdağı vermək istəyirlər. Cəmiyyəti qorxu altında saxlamaq, azca etiraz edənləri edam qorxusu ilə çəkindirmək niyyətindədirlər. Belə olan şəraitdə tək çıxış yolu rejimi dəyişməkdir. Ona görə də düşünürəm ki, ABŞ özünün İran hərəkatında geri addım atmamalı, İranda normal bir hakimiyyətin qurulmasına qədər bu proses davam etməlidir. Təbii ki, edam hökmü ləğv edilməli, yerinə uzunmüddətli və ya ömürlük həbs cəzası gətirilə bilər”.
Qeyd edək ki, İranda etirazlar zamanı həbs edilən daha bir gənc, Abbas Ekremi İran məhkəməsi tərəfindən çıxarılan hökm əsasında bu gün edam edilib.
Nurlan Cəfərli













