“Tehranlı, eşşək sənsən, yoxsa mən?” – Nəsib Nəsibli
İran adlanan coğrafi ərazidə bəlli tarixlə 7000 ildən çox dövlətçilik yaşına malik olan millətimizin son yüz il əsarət dövrünün mübarizə tarixində xüsusi mərhələlərdən biri də 2006- cı il 22 mayda başlayan yeni hərakat dalğası idi. Keyfiyyətcə özündən əvvəlkilərdən fərqlənmiş, artıq 9- cu ildönümünü qeyd etdiyimiz “Xordad ayaqlanması ” adlanan bu hadisələrin tam mahiyyətini, səbəb və nəticələrini ayırd etmək üçün Tarix elmləri doktoru, professor Nəsib Nəsibli ilə söhbətləşdik…
– 2006-cı il 22 may günü tariximizə “Xordad ayaqlanması” adı ilə həkk olundu. Bu ayaqlanmanın əsas səbəbləri nə idi?
– Bu hadisəni yalnız 22 may tarixi ilə məhdudlaşdırmaq məncə doğru deyil. Çünki, bir həftə ərzində səngiməyən bu hadisələr mayın 22-i günü Təbrizdə başlayıb, 28-ə qədər Güney Azərbaycanın müxtəlif şəhərlərində davam elədi. Nədən davam etdi? Güman edirəm ki, üstündən 9 il keçməsinə baxmayaraq həm Güneydə , həm də Quzeydə bu hadisələrin şahidi olmuş, onu izləmiş və bu haqda oxumuş insanlar xatırlayarlar ki, “İran” adlı qəzetdə, daha doğrusu dərgidə bir karikatura çap olunmuşdu. Karikaturda türklərə böcək adı qoymuşdular ki, bu da türkcə danışmağı lağa qoyurdu. Demək mümkündür ki, bu on illərlə Rza şah zamanından türklərə qarşı aşağılanma kompaniyasının növbəti bir həlqəsı idi.
İran qəzetindəki karikatura türkləri böcəyə (susək) bənzətmiş, “nə edək ki, bu böcəklər bizi də böcəkləşdirməsin?” başlıqlı məqalədə türklərə və Türk dilinə açıq-açığına həqarət edilmişdi. Həmin məqalədə “öldürməklə tükənməyəcək bu böcəklərin kökünü kəsmək üçün insanların ifrazatını tualetə boşaltmamaları, bununla bu böcəkləri ac saxlayaraq məhv edilmələri” kimi irqçi, təhqiredici fikirlər yer almışdı.
Etnik təhqirə ilk etiraz edən ölkənin müxtəlif universitetlərində oxuyan türk tələbələri oldu. Təbriz və Tehran tələbələrinin etiraz çıxışları domino təsirilə yayıldı. İran qəzeti, bu karikatur müəllifinin işdən çıxarıldığını bildirib, “Azəridillilərdən” üzr diləsə də, dil məsələsinə aşırı həssaslığın olmaması, hadisənin şişirdilməməsi gərəkliyinə çağırdı. Bu da milli hərəkat fəallarını daha da qəzəbləndirmiş oldu. İslam Şura Məclisində Azərbaycandan seçilmiş nümayəndələr də hakimiyyətin ayrı-seçkilik siyasətinə və türklərə münasibətdə uyğulanan həqarətlərə kəskin etirazlarını bildirdilər. Əkbər Ələmi Məhəmməd Hüseyn Şəhriyarın İranda qadağan olunmuş məşhur “Tehranlı, eşşək sənsən, yoxsa mən?” şeirini sonacan oxudu. Yalnız bundan sonra fars deputatlarla türk deputatlar arasında qarşıdurma oldu. Qarşıdurma polis müdaxiləsindən sonra aradan qaldırdı.
– Güney Azərbaycan türklərinin XX əsr milli yetişkənlik təkamülündə “Xordad” hansı nöqtə idi?. Ona qədər ki, əsarət dövrünü necə şəkilləndirərdiz?
– Ümumiyyətlə götürəndə Azərbaycan milli hərakatının ən azından 110 illik bir tarixi var. Bunun ibtidai formasını bir kənara qoysaq, özünü ifadə forması kimi Məşrutə hərakatı dövündən etibarən buna rast gəlirik. Yəni, mili muxtariyyat məsələsinin ortaya qoyulması, Azərbaycana muxtariyyat, ilk Məşrutədə Anayasada əncümənlər məsələsinin əks olunması ilə yadda qalan hərakatın daha sonrakı dövrlərdə də müxtəlif formalarla təzahürünün davamını görürük. Əgər, ümumiləşdirmiş olsaq Güney Azərbaycan milli hərakatının yeni keyfiyyətlərlə yükümlənmiş son mərhələsi 1991- ci ildən sonra başlayır. Quzey Azərbaycanın müstəqil olması Güney Azərbaycanda yeni inqilabiləşdirici bir təsirə təkan verdi . Həmin bu mərhələni kiçik mərhələlərə də bölmək olar. 91-dən 93-ə qədər və 93-dən sonrakı dövr.
Ancaq, önəmli olan budur ki, 91-ci ildən sonrakı milli hərakat əvvəlki dövrdən tamamilə fərqlənir. Bu hərakat öncəkilərdən kütləviliyinə, ideoloji bitkinliyinə, siyasi fəaliyyət formalarına görə fərqlənirdi. Yəni əvvəllər əgər bu ayrı-ayrı ziyalıların etirazları şəklində, və ya hər hansı başqa metodlarla olurdusa, mütəmadi xarakter daşımırdısa, artıq 1991- dən sonra biz bunun permanent bir xarakterdə olduğunu görürük. Bu özünü 2006- nın ayaqlanması, milli fikir baxımından çox əhəmiyətli hadisələrin olması, tələbə hərakatı və ya kültür hərakatı kimi yeni təzahür formaları ilə göstərmiş oldu ki, bunlar da milli hərakatın tərkib hissələrini təşkil edir. Amma , dediyim kimi, Rza şahdan üzü bəri bu kimi aşagılanmalara, təhqiretmələr kompaniyasına bu şəkildə bir reaksiya görmürük. Bu nədən oldu? Niyə bizim soydaşlarımız məhz bu karikatura belə həyacanlı reaksiya verdilər. Bu suala cavab olaraq bu özündən əvvəlki təzyiqlərə qarşı üst-üstə yığılmış emosiyaların göstəricisidir də deyə bilərik. Amma, bu eyni zamanda onun göstəricisidir ki, artıq bizim soydaşlarımızda təhqirlərə, aşağılanmalara, dözümsüzlük də yaranmışdı. Əgər əvvələr başını aşağı salıb bu kimi faktlara lazımi reaksiya verilmirdisə və yaxud mövcud rejimin qorxusundan üzdə ona etirazı bildirilmirdisə, ancaq 2006- cı ilin may hadisələri göstərdi ki, soydaşlarımız artıq aşağılık kompleksindən çıxıblar. Bu çox önəmlidir. Və bu, “türkəxər” deyilən on illərlə davam edən psixoloji kompaniyaya sonuc olaraq çox həyacanlı bir etiraz idi. Və ona görə də bunu məhz ilk növbədə psixoloji baxımdan qiymətləndirmək doğru olardı. Belə ki, bu, artıq aşağılık kompleksindən çıxmış, zülmə, təhqirlərə qarşı qəzəblənmək haqqını, hüququnu özündə saxlayan, hiss edən bir toplumun etirazı idi. Güney Azərbaycan türkü nəhayət kütləvi olaraq bu haqqı özündə dərk etdi. Bu haqqın dərk edilməsi ilə kütləvi etirazlar başladı və bir üsyan xarakterini aldı. Lakin, may etirazlarnı yalnız psixoloji baxımdan deyil, eyni zamanda siyasi baxımdan da qiymətləndirmək gərəkdir. Siyasi qiyməti bundan ibarətdir ki, bu bir ziyalının, və yaxud da bəlli bir təbəqənin etirazı deyildi. Bu böyük kütlənin etirazı idi və ona görə də özünü kütləvi nümayişlər formasında göstərdi və güc strukturlarının bölmələri ilə birbaşa toqquşmalara qədər böyüdü. Və məncə, may ayaqlanmasını ikinci dünya müharibəsindən sonra İranda Azərbaycan milli hərakatının keyfiyyətcə yeni bir mərhələsi hesab etmək olar .
– Quzey Azərbaycan olaraq necə reaksiya verdik bu hadisəyə?
– O zaman mətbuat orqanları gündəlik olaraq bu olaylarla bağlı məlumatlar verirdi, eyni zamanda siyasi partiyaların bəyanatlarını xatirlayıram. Milli Məclisdə də hadisəylə bağlı çıxışların şahidi olduq. Hətta, onu deyim ki, şəxsən mən özüm may hadisələri dövründə səsləndirilən şüarların siyahısını tərtib eləyib, Milli Məclisə təqdim etmişdim və millət vəkilləri də onlarla tanış olmuşdular.
Bu hadisələr xarici ölkə mətbuatında da işıqlandırıldı. İran səfirliyinin Bakıda və başqa ölkə paytaxtlarındakı səfirlikləri qarşısında etiraz piketləri oldu. Azərbaycan Respublikası Milli Məclisi tərəfindən İrandakı molla rejiminin anti-türk, anti-Azərbaycan siyasətini şiddətlə qınanıldı.
Quzey Azərbaycan bu hadisələrdən çox şey gözləyirdi, xüsusən milli qüvvələr düşünürdü ki, bunun bir davamı da olacaq. Ancaq, təəssüflər olsun ki, bu bir həftə sürdü və bitdi. Lakin, Quzey Azərbaycan təbii ki, buna çox təqdirlə yanaşdı. Bunu o zaman burda güneyli soydaşlarımızın təhqirlərə etirazını, ümumiyyətlə hərakatın dəstəkləndiyini göstərən faktlar da təsdiq edir. Məncə bu, müsbət bir hal idi, ancaq üstündən 9 il keçəndən sonra bir daha onu təkrar etmək istəyirəm ki, kaş ki, Quzey Azərbaycan o məqamda bu hadisələrə hazır olaydı. Daha artıq şəkildə, daha operativ qaydada, Güney Azərbaycandakı bu olaylara, bu ayaqlanmaya görə dövlət olaraq öz sözünü deyə biləydi. Zənnimcə, o reaksiyalar biraz kecikdi.
– Bəs bu hadisə Quzeydə Türklük qavramının, Türklük şüurunun inkişafına necə təsir göstərdi?
– 2006- cı ilin may ayaqlanması mənim üçün birinci sırada onun şüarları ilə yadda qalıb. Sonralar daha geniş şəkildə təkrar olunan, yayılan bu şüarlar o vaxt ilk dəfə idi ki, səsləndirilirdi . Və bu şüarlar hərakatın xarakterini göstərmək, onu dərk etmək baxımından çox önəmli idi. Doğrusu mən o şüarları çox sevdim və şəxsən bir araşdırmaçı, bir vətəndaş olaraq onların təbliğ olunması, izah olunması üçün çalışdım. Şəxsən mənim üçün həqiqətən bu şüarlar bir ümid qaynağı oldu. O şüarları bir daha istəyirəm oxucuların diqqətinə çatdırım. Nümayişlərdə səsləndirilən şüarlar əsasən bunlar idi; “Türk dilini atmarıq, fars dilinə satmarıq!”, “Türk dili ölən deyil, fars dilinə dönən deyil!”, “Türk dili İranda rəsmi dövlət dili olmalıdır!”, “Qarabağa uzanan yad əllər kəsilməlidir!”, “Qalx ayağa Azərbaycan!”, “Haray-haray mən türkəm!”, “Ölüm olsun faşizmə, ölüm olsun şovinizmə!”, “Qızıldan olsa qəfəsim, azadlığa var həvəsim!” , “Təbriz- Bakı- Anakara, farslar hara biz hara!”, “Nə şərqi, nə qərbi, itin farsdan nə fərqi!”, “Hər kəs ki, bitərəfdi, farsdan da bişərəfdi!”, “And olsun Səttarxana, Tehran gərək odlana!”, “Təşəbbüssüz millət gərək xar olsun!”, “Mən odam odla oynama, alışarsan, yanarsan!”…
Bu tipli şüarların səsləndirilməsi hərakatın radikallaşması baxımından diqqəti cəlb edir.
– Biz bu hadisəni XXI əsrin əvvəlində Güneydə Türkçülük hərakatının yeni başlanğıcı kimi dəyərləndirə bilərik, yoxsa…?
– Güneydə Türkçülük hərakatının tarixini XXI əsrin əvvəllərindən hesablamaq doğru olmazdı. Bu tarix daha qədimə gedir, ən azından burda bizim böyük fikir adamlarının hadisələrdə çox diqqət çəkən fikirlərini, yaddaşlarda yer almış əsərlərini, deməmək mümkün deyil. Vəb bunu XXI əsrin əvvəlləri ilə məhdudlaşdırmaq doğru olmazdı. Bu fikirlərin ən azı 100 illik bir tarixi var; müxtəlif şəkillərdə özünü göstərib, ya ədəbi formada, ya siyasi formada, ya bəyanat şəklində, ya siyasi məqalə ,ya kitab nümunəsində. Bunu XXI əsrin əvvəllərinə geri çəkmək doğru olmazdı .
– Bəs kütləvilik baxımından necə?
– Əlbəttə, kütləviləşmək baxımından bu diqqəti çəkir. Bu hadisə ilə Türkçülük fikrinin daha geniş sosial təbəqələrə, yaş qruplarına yayılması bir faktdır, bir gerçəklikdir. Bu da təbiidir, çünki, millət özünü dərk etdikcə bu genişlənmə və dərinləşmə sürəti daim çoxalacaq və davam edəcək.
– May hadisələrinin özündən sonrakı proseslərə təsir gücünü necə qiymətləndirirsiz, hansı nəticələr əldə edildi?
– Məncə, may hadisələri və yaxud da may ayaqlanması haqqında danışanda bu proses gedişində əldə olunmuş bir tarixi sənəd haqqında danışmasaq düzgün olmaz. Bu may ayının 28-də Tehranda yüz minlərin iştirak etdiyi mitinqdə qəbul olunmuş bir bəyanat idi. Bunu bir milli istəklər bəyanatı , ya da deyək ki, milli hərakatın istəkləri sənədi kimi də qəbul etmək olar. Çünki, bu sənəd orda iştirak edən yüz minlərlə insanın milli hissinin ifadəsi olmaqla bərabər, həm də bütünlüklə millətin rəğbətini qazana bilmişdi. Söhbət 33 maddəlik tələblərdən gedir. Sənəd çox mükəmməl bir sənəddir və milli həyatın müxtəlif müstəvilərini əhatə edir. Bu sənəd önəmli olmaqla bərabər , həm də kamil bir sənəd idi. Bu sənədin mətnini mən “İslam Cümhuriyyəti dövləti və Azərbaycan türklüyü” adlı bir yazımda vermişəm. 2006-cı il may ayının 28-də İslam Şura Məclisi binasının qarşısındakı nümayişdə oxunmuş qətnamə Azərbaycan/Türk milli hərəkatının mühüm tarixi sənədi sayılmalıdır. Bu sənədin qısa məzmunu aşağıdakılardan ibarət idi: Son 100 ildə İrandakı millətlər mədəni, ictimai, siyasi və iqtisadi şovinizmə və ayrı-seçkiliyə məruz qalmışlar. Fars şovinizmi yaxşı bilirdi ki, bir milləti yox etmək üçün ilk addım olaraq onu təhqir etmək və onun dilini aradan aparmaq lazımdır. 7000 illik keçmişi olan bu məmləkəti burada 2500 illik keçmişi olan Arya və Parslara məxsus məmləkətə çevirmək üçün onun tarixini təhrif etdilər. Qeyri-Farsların dillərinə Moğol və Ərəb vəhşilərinin sırıdığı dil (!!) adını qoydular və insan sayılmaları üçün onların öz kimliklərindən imtina etmələri və yalançı kimlik almaları üçün müxtəlif beyinyuma mexanizmlərindən istifadə edildi. Ana yasanın 15, 19 və 20-ci maddələrində əksini tapmış məhdud haqlar belə gerçəkləşmədi. Ölkə əhalisinin 70%-ə bərabər olan Fars olmayan millətlər və qövmlər 30 ildir ictimai, iqtisadi və mədəni ədalət gözləyir.
Müsahibəni aldı:
Gülşən Məmmədoğlu
DAK həmsədrlərinin mətbuatla iş üzrə müşaviri