Təhsil yoxsa biznes şəbəkəsi? – Repetitor qiymətləri niyə nəzarətdən çıxıb?

media-hightechnic-468x90

Azərbaycanda abituriyent hazırlıq kurslarının qiymətləri son illərdə ciddi şəkildə fərqlənir. Həm onlayn, həm də əyani tədris formatları üzrə müşahidə olunan bu fərqlər xüsusilə bölgələr və paytaxt arasında daha qabarıq hiss olunur.

media-banner_tuq

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Vüsət Əzizov bildirib ki, regionlarda hazırlıq kurslarının qiymətləri daha aşağıdır:

“Qiymət fərqlərinə təsir edən əsas amillərdən biri əyani tədris zamanı icarə, infrastruktur və digər xərclərin olmasıdır. Bu da öz növbəsində qiymətlərin yüksək olmasına gətirib çıxarır. Onlayn tədris zamanı isə bu xərclər olmadığı üçün qiymətlər nisbətən aşağı olur. Bundan başqa, repetitor fəaliyyəti ilə məşğul olan müəllimlərin reputasiyası da qiymət artımına təsir göstərir”.

Ekspertin sözlərinə görə, 1 fənn üzrə aylıq hazırlıq qiymətləri regionlarda 30-50 manat, Abşeron-Sumqayıt ərazisində 50-80 manat arasında dəyişir. Bakı şəhərində isə bu rəqəmlər daha yüksəkdir və 100-150 manata qədər yüksəlir.

“Abituriyentlər adətən 5 fənn üzrə hazırlaşdığı üçün aylıq xərclər regionlarda 150-250 manat, Abşeron-Sumqayıt zonasında 250-400 manat, paytaxtda isə 500-750 manat civarında olur”.

Vüsət Əzizov əlavə edib ki, müasir dövrdə texnoloji imkanlardan istifadə edərək xərcləri qismən azaltmaq mümkündür:

“Texnoloji yeniliklərdən, süni intellektdən və video dərslərdən istifadə etməklə qəbul imtahanlarına hazırlaşmaq olar. Lakin istənilən halda aylıq xərclərin yüksək olması valideynlər üçün əlavə yük yaradır”.

Mütəxəssis onu da vurğulayıb ki, repetitorluqdan asılılığın azaldılması istiqamətində dövlət tərəfindən müəyyən addımlar atılır. Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən pilot layihələr bu baxımdan mühüm əhəmiyyət daşıyır.

“2025-2026-cı tədris ilindən etibarən bir sıra ümumi təhsil müəssisələrində tam orta təhsil səviyyəsi üzrə yeni təmayül tədris modelinin pilot qaydada tətbiqinə başlanılıb. Bu modelin məqsədi X–XI sinif şagirdlərinə seçdikləri istiqamət üzrə daha dərin bilik əldə etmək imkanı yaratmaqdır. Layihə ilkin mərhələdə Bakı, Sumqayıt, Gəncə, Siyəzən, İmişli, Sabirabad, Beyləqan, Xaçmaz, Goranboy, Neftçala, Quba, Şəki və Lənkəran şəhərlərində seçilmiş məktəblərdə tətbiq edilir”.

Ekspert hesab edir ki, yeni tədris modelinin tətbiqi şagirdlərin fərdi inkişaf imkanlarını genişləndirəcək və gələcəkdə repetitorluğa olan tələbatın azalmasına səbəb ola bilər:

“Düşünürəm ki, layihə uğurlu olacaq və mərhələli şəkildə repetitorluğun qarşısını qismən ala biləcək”.

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05