“İstehsalat təcrübəsi həm universitet, həm tələbələr, həm də tələbənin ixtisasa görə göndərildiyi istehsalat müəssisələri tərəfindən çox ciddi qəbul edilməldir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ali təhsil müəssisələrində istehsalat təcrübəsinin önəmi barədə danışan təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib.
Onun sözlərinə görə, bir çox universitetlərdə tələbələrə istehsalat təcrübəsi formal şəkildə həyata keçirilir.
Ekspert düşünür ki, bu, o qədər də arzu olunan hal deyil:
“Çünki istehsalat təcrübəsi universiteti nəzəri baza meyarından çıxararaq, həm də tətbiqi tədris mühiti platformasına salan bir göstəricidir. Lakin çox təəssüf ki, bizdə barmaq sayılası ali təhsil müəssisələrini çıxmaq şərti ilə digərlərində sanki istehsalat təcrübəsi formal və məcburi şəkildə həyata keçirilir. Onu həyata keçirən fakültələr, universitetlər az qala ona mənasız bir predmet kimi baxırlar. Amma bu qətiyyən elə deyil. İstehsalat təcrübəsi tələbənin dördillik tələbəlik ilində çox vacib, ona nəzəri baza ilə bərabər istehsalat təcrübəsi, eləcə də praktiki bacarıqları qazandıran bir dönəm olmalıdır. Dünyanın bir çox ölkəsində də bu var”.
Mütəxəssis əlavə edib ki, istehsalat təcrübəsi həm universitet, həm tələbələr, həm də tələbənin ixtisasa görə göndərildiyi istehsalat müəssisələri tərəfindən çox ciddi qəbul edilməldir.
“Məsələn, iqtisadiyyat profilli ixtisaslarda tələbələr təcrübədə banka, sığorta şirkətinə, hər hansı iqtisadi təhlil mərkəzinə gedirsə, orada onlar çox ciddi şəkildə qəbul olunmalı, gələcəyin kadrları kimi dəyərləndirilməli və bu proses formallıqdan çıxmalıdır. Bizim bir çox universitetimiz bunu formallıqdan çıxara bilmir. Bu isə yolverilməzdir”, – deyə o bildirib.
E.Nuri qeyd edib ki, 4-5 aylıq təcrübələr yalnız son kursda həyata keçirilir, amma qalan kurslarda isə praktikanın müddəti yalnız bir aydır.
Təhsil ekspertinin dediyinə görə, burada məsələnin mənfi tərəfi təkcə universitetin deyil, istehsalat müəssisələrinin də təqsiri var.
“Onların bəziləri kommersiya məqsədli qurumlar olur. Ona görə də bu qurumları tələbələrə nələrisə öyrətməsi üçün stimullaşdırmaq lazımdır. Biz bu stimullaşdırmanı həyata keçirmirik. Formallıqdan əlavə, bu, az qala məcburi bir öhdəliyə çevrilib.
Məsələn, tələbəyə “praktikaya getməsən, kəsrin olacaq”, “kəsilsən, dövlət imtahanında iştirak edə bilməyəcəksən və nəticədə diplom ala bilmədiyin üçün il yarım hərbi xidmət keçməli olacaqsan, məzun adı almayacaqsan” kimi ifadələr deyilir. Məhz bu səbəbdən oğlan tələbələrin bir çoxu istehsalat müəssisələrinə getməyə məcbur qalırlar. İstehsalat müəssisələrindən xahiş edirəm ki, oraya gələn tələbələrə qarşı həssas davranmaq lazımdır. Onları öyrətmək, onlara universitet vaxtı yalnız nəzəri olaraq bildikləri və istehsalat tətbiqində bilmədikləri yenilikləri öyrətmək lazımdır. Tələbələrə məhz istehsalat prosesində ixtisasın incəliklərini mənimsətmək lazımdır. Təəssüf ki, bunu düşünən azdır və nəticədə yenə itirən tələbələr olur”, – deyə o, fikirlərini tamamlayıb.
İsmayıl Bakuvi
www.yenicag.az