Telekanalların “MÖVSÜMÜ ŞUMLAMA” ƏMƏLİYYATI

media-hightechnic-468x90

Bir neçə gündür telekanallarda qəribə bir sükunət hökm sürür. Gündəm və reytinq naminə nə kişi üstündə qırğın salan var, nə sevgilisindən uşaq dünyaya gətirdiyini iddia edən, nə də “üç badam, bir qoz” oxuyan… Eyni cərrahın əlindən çıxanlar, “şəkilləndirdikləri” bədənlərini daha verilişlərdə nümayiş etdirə bilmirlər.

media-banner_tuq

Daha söyüşün biri bir qəpik deyil; hər yerindən duran “mən sənətkaram, xalq məni sevir” deyib meydan sulamır. Telekanallarda aparılan son “təmizlik işlərindən” sonra çoxlarının bazarı bağlanıb. Amma bura bir “hələ ki…” qeydini də əlavə etmək yerinə düşər.

Hərçənd, bağlanmalı olan verilişlər hələ də öz ampluasındadır, lakin şou aparıcıları da proqramlarına bir az çəki-düzən verməli olublar. Vaxtilə gündəm yarada bilmədikləri və reytinq vermədikləri üçün efirə həsrət qalan xanəndə, aktyor bir sözlə, həqiqi sənətkarlar indi efirə çıxıb ürəklərini boşaldırlar. Sən demə, onların da ürəyi dolu imiş! Hətta bəzən elə qalmaqallı fikirlər səsləndirirlər ki, vaxtilə “bozbaş” adlandırılan müğənniciklər onların yanında kölgədə qalır. Yenə də reytinq məsələsidir… Zəngülə və “xırdalıqlar”la tamaşaçını birdən-birə efirə bağlamaq mümkün deyil. Uzun müddət tez qarın doyuran “fast-fud” tipli proqramlara alışmış izləyiciyə birdən-birə “şah plov” yedizdirmək asan məsələ deyil. Ona görə də hələ ki, az kalorili “desertlərə” kiçik qalmaqallara ehtiyac duyulur.

“Şumlama əməliyyatı” pərdəarxası davam edir. Vaxtilə efirlərdə meydan sulayan bir çox müğənniyə rəsmi xəbərdarlıq edilməsə də, telekanal qapılarının onların üzünə bağlandığı açıq-aşkar görünür. Şərt o deyil ki, birbaşa “get” deyəsən; əsas olan palazı ayaqlarının altından çəkməkdir. Hələ ki, şou aləmində sükunət hökm sürür. Gözləmə mövqeyində olan “müğənniciklər” bəxtlərinin yenidən parlayacağı günü gözləyirlər. Bilirlər ki, bu fasilə çox çəkməyəcək. Hər halda, eşidib-bildiklərimizə söykənərək bunu deyirik. Görək, bu xəmir nə qədər su aparacaq. Yaşayarıq, görərik.

Bir haşiyə də çıxım… Aparıcıları qınamaq da tam doğru deyil, çünki “balıq başdan iylənər”. Əgər telekanal rəhbəri “mənə reklam gətirən verilişlər lazımdır” deyib onların qarşısında tələb qoyursa, aparıcı yazıq neyləsin?

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05