Ölkədə televiziya tamaşaçıları arasında keçirilən son araşdırmalara əsasən, əhalinin 76 faizi peyk siqnalı vasitəsilə qəbul edilən kanallara baxır, 15 faizi kabel televiziyalarının, 4 faizi isə İPTV abunəçisidir, 3 faizi də yerüstü rəqəmsal yayımlara tamaşa edir.
“Reklam gəlirləri azaldığına görə…”
Yenicag.az xəbər verir ki, araşdırmanı Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyi aparıb. Araşdırma nəticəsində məlum olub ki, hazırkı tendensiya televiziyaların iqtisadi dayanıqlılığına əsaslı şəkildə təsir edir.
Belə ki, təcili tədbirlər görülməsə, rəsmi yayımlanan telekanallardakı reklam bazarının həcmi 2022-ci ildəki 42 milyon manatdan 2024-2025-ci illərdə 30 milyon manatadək, yəni 28,6 faiz geriləyəcək. İqtisadi imkanları zəif olan televiziyalar da təbii ki, tamaşaçı zövqünü tam oxşaya bilməyəcək. Nəticədə, teletamaşaçıların sayı sürətlə azalacaq. Təsadüfi deyil ki, hazırda insanlar informasiyanı daha çox sosial şəbəkələrdən alırlar. Bu da teletamaşaçıların azalmasının əyani sübutudur.
Televiziyalara maraq niyə azalır?
Məsələ ilə bağlı professor, teletənqidçi Qulu Məhərrəmli bildirib ki, indiki informasiya və sosial platformalar bolluğu şəraitində Azərbaycanda televiziyalara baxanların sayı tədricən azalır:
“Mövcud teleauditoriya günbəgün parçalanır. İnsanlar informasiyaları “Facebook”, “X”, “Instagram” və digər sosial şəbəkələrdən alırlar. Amma bu, televiziyanın dəyərinin itirilməsi anlamına gəlmir.
Çünki televiziyalar da sosial şəbəkələrin imkanlarından məharətlə istifadə edirlər. Hətta bu sahədə ciddi uğur qazanan televiziyalar var. Məsələn, İTV, “Xəzər TV” bu sahədə yaxşı işləyir. AzTV-nin bu sahədə cəhdləri göz qabağındadır. Təsadüfi deyil ki, sosial şəbəkələrdə izləyicisi bir milyona çatan televiziyalarımız var”.
Qulu Məhərrəmli televiziya marketinqinə də diqqət çəkib:
“Bu anlayış tələb edir ki, televiziya öz məhsullarını təkcə yerüstü və kabel kanalları vasitəsilə deyil, həm də sosial şəbəkələrdə yaysın və çoxlu izləyici toplasın. Ona görə də yeni tələblərə uyğun yeni davranış qaydaları ortaya çıxır. Bu qaydalardan istifadə edən televiziyalar, təbii ki, udur, auditoriyasını genişləndirir.
Ona görə də düşünmürəm ki, auditoriyanın parçalanması televiziyanı sıradan çıxarır. Yaxşı televiziya verilişinə baxırlar. Sosial şəbəkələrdən istifadə etməyi bacaran televiziyaların hər zaman auditoriyası olacaq”./Bizim.media
www.yenicag.az