“Təmiz kənd” layihəsi başa çatdı
Sentyabrın 4-də Dünya Biznes Mərkəzində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin “Təmiz kənd – yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Tədbirdə İctimai Birliyin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli layihənin məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə cari ilin mart-avqust aylarında reallaşdırılan layihənin məqsədi sosial, iqtisadi və mədəni səviyyəsi eyni olmayan üç kəndin – Ağsu rayonunun Çiyni, Ülgüc və Gəgəli kəndlərinin timsalında ekoloji təmiz və etnoqrafik baxımdan cəlbedici kənd mühitinin yaradılması və bu kəndlərin digərlərinə nümunə olmasıdır.
Qeyd olunub ki, “Miras” İctimai Birliyi layihə çərçivəsində Ağsu rayonunun Çiyni, Gəgəli və Ülgüc kəndlərində monitorinq və əhali arasında sorğu keçirib. Ümumilikdə sorğuda müxtəlif yaş qruplarına mənsub olan 67 nəfər iştirak edib.
Monitorinqin nəticələrinin təhlili əsasında hazırlanan və kitabça şəklində nəşr edilən hesabat tədbir iştirakçılarına təqdim olunub.
F.Xəlilli bildirib ki, “Təmiz kənd” layihəsi çərçivəsində kəndlərdə bələdiyyə üzvləri və yerli icmaların nümayəndələri üçün maarifləndirici təlimlər təşkil edilib. Ekologiya, mədəni irs, turizm və şəhərsalma üzrə mütəxəssislərin cəlb olunduqları təlimlərdə məişət tullantılarının ətraf mühitə, insan sağlamlığına, eləcə də bölgənin ümumi inkişafına mənfi təsirləri və onların aradan qaldırılması yollarından bəhs edilib, iştirakçılara bu istiqamətlərdə müvafiq tövsiyələr verilib. Layihə çərçivəsində keçirilən digər tədbirlər də diqqətə çatdırılıb.
Mətbuat konfransında çıxış edənlər layihənin və görülən işlərin əhəmiyyətindən danışıb, bu işin gələcəkdə davam etdirilməsinin və daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə layihə çərçivəsində məktəblilər arasında təşkil olunan “Təbiət inciləri” fotomüsabiqəsinə təqdim edilən işlərin sərgisi keçirilib, qaliblər mükafatlandırılıblar. (azertag.az)