Tərəflər arasındakı “arxa qapı” DİPLOMATİYASI – “Danışıqlar, detallar, razılaşmalar...”
“Sülhün bağlanmasında maraqlı olmayan qüvvələr dərhal süni şəkildə gərginlik yaradırlar”.
Bu sözləri Ermənistan-Azərbaycan arasında yaranan gərginlik və bunun nəticələrini Yenicag.az-a dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında böyük müharibə olmayacaq:
“Gərginlik olacaq və bu müvəqqəti xarakter daşıyan şeydir. Atəşkəsin pozulmasının böyük müharibəyə çevrilmək ehtimalı yoxdur. Ermənistanın gücü yoxdur ki, Azərbaycanla savaş etsin. Nə də Ermənistan və Azərbaycan tərəfdən müharibə üçün səbəb yoxdur. “Arxa qapı” diplomatiyasında işlər normal gedir. Danışıqlar, detallar, razılaşmalar bəyan olunmur. Məncə də doğru edilir. Çünki sülhün bağlanmasında maraqlı olmayan qüvvələr dərhal süni şəkildə gərginlik yaradırlar”.
MDHP sədri əmindir ki, Ermənistanın özünün atəşkəsin pozulmasında maraqlı olması da sual altındadır:
“Ola bilsin Paşinyan hərbi kontingentin bəzi hissələrinə nəzarət edə bilmir. Ermənistandakı revanşist qüvvələr fəaliyyət göstərir, Rusiya da müəyyən rıçaqlardan istifadə edir. Görünür, Ermənistanla Azərbaycan tərəfinin bir araya gəlməsində Ermənistanda maraqlı olmayan qüvvələr var. Həm diaspora, həm kilsə, həm revanşist qüvvələr, həm də müxalif düşərgə sülhdə maraqlı deyil. Avropa dövlətlərinin bəziləri də sülhün əldə edilməsində maraqlı deyil”.
F. Quliyevin fikrincə, Ermənistan KTMT-dən çıxmağı qarşısına məqsəd qoyub:
“Rusiyadan artıq üz döndərib. Bunun sürəti dövrə görə dəyişə bilər. Ermənistan Rusiyadan qoparaq Avropa İttifaqına getmək istəyir. Belə halda da Ermənistan düşünür ki, ordusunda islahatlar aparılmalıdır. Ordu NATO modelinə keçməlidir. Ordu NATO modelinə keçirsə, silahlar da NATO standartlarına uyğun olmalıdır. Üstəlik, Ermənistan KTMT-dən çıxırsa, Rusiyadan üz döndərirsə, gələcəkdə Rusiya silahlarının girovuna çevrilə bilər. Ona görə də Ermənistan fərqli ölkələrdən silah almağa çalışır. Hesab edirəm ki, müəyyən problemlər həll olunandan sonra sülh sazişi olmasa da, çərçivə sazişi bağlana bilər”.
Səxavət Məmməd