Tərtər və Tovuzda qışa hazırlıq gedir
“Tərtər” və “Tovuz” Elektrik Şəbəkələrinin (EŞ) balans mənsubiyyətinə aid olan transformator məntəqələrində (TM) və enerjidaşıyıcı xətlərdə təmir işləri uğurla həyata keçirilib.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, avadanlıqların iş səmərəliliyinin artırılması, həmçinin enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin sabit və dayanıqlı işləməsinin, istismar səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Tərtər rayonunun elektrik təsərrüfatına məxsus olan 110/35/6 kV-lik “Tərtər”, 35/10 kV-lik “Dəmirlər”, “Sarıcalı”, “İsmayılbəyli” yarımstansiyalarında 10 kV-lik və 35 kV-lik yağ açarları cari təmir edilib. Bundan əlavə, 10(6)/0,4 kV-lik transformator məntəqəsinin 90-a yaxını təmirdən çıxarılıb. 10 kV-lik hava xəttində 70-ə yaxın, 0,4 kV-lik hava xəttində isə 65-dən artıq dayaq yenisi ilə əvəzlənib.
Tovuzda oktyabr ayında elektrik şəbəkəsinin istismarçıları 10-6-0,4 kV-lik EVX-də 620 metr uzunluğunda yeni naqil çəkib, 360 metr SİP kabeli işlədiblər. Yeddi ədəd metal dayaq quraşdırılıb. 6 güc transformatoru təmir edilərək yerinə qoyulub və şəbəkəyə qoşulub.
(azadinform.az)