Bir neçə gündür ki, sosial şəbəkələrdə məktəb önündə saçyoldusuna çıxan valideynlərin görüntüləri yayılıb. Açığı, utancverici haldır.
Çünki yüzlərlə şagirdin gözü qarşısında bu cür aqressiya nümayiş etdirmək, üstəlik bunun qadınlar tərəfindən törədilməsi çox ciddi məsələdir. Bu cür aqressiyaya malik olan qadın bəs necə övlad böyüdür? Belə çıxır ki, onun özünün belə psixoloji dəstəyə ehtiyacı var. Məsələ ilə bağlı Pozitiv Karyera və Təlim Mərkəzinin rəhbəri, Beynəlxalq dərəcəli psixoloq Nəsibə Tağıyeva çox ciddi məqamlara toxunub:
“ Ümumiyyətlə, valideynin mübahisə etməsini, xüsusən də kiməsə şiddət göstərməsini görmək uşaq üçün böyük travmadır. Bu cür halların harada baş verməsinin fərqi yoxdur. İstər evdə, ya da ictimai yerlərdə əgər uşaq valideyninin belə hərəkətinin şahidi olursa, bu, birmənalı olaraq onda itirmək qorxusu və davranış problemləri yaradır. Günümüzdə aqressiya və stress faktoru çox yüksək olduğu üçün sadəcə uşaqlarda deyil, hər kəsdə, o cümlədən valideynlərdə də bunun emosional təsirlərini görürük. Və bu kimi nüansları nəzərə aldığımız valideynlər üçün də testlər mərkəzimizdə tətbiq edilir. Bəzən valideynlər həmin anda “mənə lazım deyil”, “mən niyə testdən keçim? , “məni sadəcə uşaqdakı problemlər narahat edir” desələr də, testlərlə birlikdə istər indiki, istərsə də keçmiş zamanda yaşadıqları travmaların onların özünə də birbaşa təsir etdiyini aşkar görür və anlayırlar ki, uşaqlardakı problemlərə, uşaqlarla qurduqları ünsiyyətə əslində, bu faktlar da səbəb olar. Xüsusilə aqressiya və yaxud da şiddət olan yerdə uşağın davranış pozuntusunu, hətta qorxusunu belə görmək mümkündür. Belə uşaqlarda emosional geriləmə faktoru ilə tez-tez rastlaşırıq.
Hətta bədənsəl olaraq titrəmə, əl-ayağın əsməsi və başqa hallar da müşahidə olunur. Bu halda valideynlər nə etməlidirlər? Sözsüz ki, günümüzdə stress faktorundan qaçmaq mümkün deyil. Amma bunu uşaqlara ən az şəkildə hiss etdirmək lazımdır. Eyni zamanda burada söhbət təkcə mübahisələrin fiziki şiddətə çevrilməsindən getmir. Hətta emosional və psixoloji şiddət belə uşaqlara mənfi təsir göstərir. Ona görə də valideynlər bu məsələlərdə çox ehtiyatlı olmalıdırlar. Hətta o an hansısa problemi istəmədikləri halda uşaq qarşısında yaşamış olduqda belə (ikili konflikt, mübahisə və s.) bu problemin həll yolu və ikili sakit dialoq quraraq, müzakirə ilə uşağa izah edib, ondakı neqativ təsirləri maksimum azaltmaq üçün çalışılmalıdır.
www.yenicag.az