Tikinti şirkətləri uşaqların da hüquqlarını pozur
Nazir Quliyev: “Tikintiyə icazə alınanda şərtlərdən biri o olmalıdır ki, binanın hər hansı bir hissəsində uşaqlar üçün əyləncə imkanları da yaradılsın” Sovet dövründə inşa edilən binaların demək olar ki, hamısı başqa infrastrukturla da təmin edilirdi. Yəni bu binaların qarşısında uşaqlar üçün oyun yerləri də salınırdı. Amma müasir dövrdə tikilən binaların əksəriyyətində bu istiqamətdə uşaqların maraqları nəzərə alınmayıb. Belədə isə tikinti şirkətlərinin bir çoxu uşaq hüquqlarını da pozurlar. Bununla onlar həmçinin, tikinti qaydalarına tam riayət etmədiklərini də ortaya qoyurlarnda uşaqlar üçün əyləncə yerləri də tikilib. Nəticədə uşaqlar öz istirahətlərini normal keçirə bilmir.
Yenicag.az saytına açıqlamasında Uşaq Hüquqları QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyev yeni tikilən binaların ətrafında uşaq əyləncə yerlərinin olmamasını uşaqların hüquqlarının pozulması kimi dəyərləndirdi: “Tikinti şirkətləri nəinki uşaqların, hətta böyüklərin də hüquqlarını pozur. Bina tikintisi üçün müəyyən standartlar var. Standartdan biri də ondan ibarətdir ki, hər yeni tikilən binalarda maşın dayanacağı, uşaq meydançaları, əhalinin istirahəti üçün yerlər də salınmalıdır. Amma təəssüf ki, indi bu hallara rast gəlinmir. Əksinə, indi uşaqlarım asudə vaxtı oynadıqları yeri də zəbt edərək, burada binalar tikirlər. Uşaq hüquqları haqqında qanuna görə, uşaq əyləncə yerlərindən başqa məqsədlər üçün istifadə etmək qadağandır. Bu yerləri zəbt edən tikinti şirkətləri bina tikiləndən sonra da uşaqların marağını nəzərə almır. Uşaq hüquqları haqqında qanunda, Uşaq Konvensiyasında da birmənalı olaraq göstərilib ki, dövlət orqanları, müxtəlif təşkilatlar hər bir fəaliyyətində uşaqların da maraqlarını nəzərə almalıdır. Məsələnin belə hal almasında yerli icra hakimiyyətinin də günahı vardır. Onlar bu binaların tikintisinə icazə verəndə şərt kimi qoyulmalıdır ki, inşa prosesində uşaqlar üçün oyun meydançalarının olması mütləqdir. Tikinti icazəsi alanda şərtlərdən biri də o olmalıdır ki, binanın hər hansı bir hissəsində uşaqlar üçün əyləncə imkanları da yaradılsın. Hazırda tikilən binalar isə bir-birinə çox yaxındır, təhlükəsizlik baxımından da uyğun deyil. Həmin ərazilərdə maşınların dayanması üçün də normal imkanlar yaratmırlar. Uşaqlar həyətə düşüb rahat şəkildə oynaya bilmir. Enerjisini çıxarmağa rahat bir yer olmur. Sonra da şikayətlənirik ki, övladlar niyə narkomaniyaya qoşuldu. Problemin həlli üçün binalar tikilərkən ətrafında uşaq əyləncə yerlərinin tikilməsi də mütləq şərt kimi qoyulmalıdır. Bu həm də bir biznes mədəniyyəti formasıdır. Sahibkar qazancından başqa kooperativ sosial marağı da düşünməlidir”.
Rüfət