Tiranada YUMŞAQ GÜC: Azərbaycan beynəlxalq davranış kodeksini YENİDƏN YAZIR
Avropa Siyasi Birliyinin Albaniyanın paytaxtı Tiranada keçirilən 6-cı Zirvə görüşü təkcə diplomatik protokol xarakteri daşımır, eyni zamanda, Cənubi Qafqazda yeni siyasi konfiqurasiyanın formalaşdığı bir mərhələdə mühüm regional dialoq platformasına çevrilib.
Bu görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan təmaslar da diqqət mərkəzində oldu. Söhbət təkcə rəsmi görüşlərdən deyil, həm də liderlərin qeyri-rəsmi təmaslarından gedir. Xüsusilə Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makronla ayaqüstü dialoqunu əks etdirən görüntülər Azərbaycanın beynəlxalq arenada artan siyasi çəkisinin növbəti göstəricisinə çevrildi.
Zirvə görüşündə Prezident Əliyevin tutduğu mövqe, verdiyi mesajlar və sərgilədiyi diplomatik davranış Azərbaycanın regionda sabitliyin və əməkdaşlığın əsas təşəbbüskarı kimi çıxış etdiyini bir daha nümayiş etdirdi. Ermənistanla münasibətlərin normallaşdırılması prosesində Azərbaycanın nümayiş etdirdiyi strateji təmkin və iradə isə regional sülh gündəliyinin əsas təməl daşıdır.
Münaqişə dövrü artıq tarixdə qalıb. Azərbaycan bu mərhələni öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməklə uğurla başa vurub. İndi isə ölkəmiz üçün əsas prioritet uzunmüddətli sülhün və davamlı sabitliyin təmin olunmasıdır. Bu mərhələdə hər addım ölçülü-biçili olmalı, diplomatik incəlik və siyasi məsuliyyət ön planda saxlanmalıdır.
Beynəlxalq tədbirlərdə və platformalarda nümayiş olunan siyasi davranış yalnız konkret şəxsləri deyil, bütöv bir xalqın mədəniyyətini, təfəkkürünü və dövlətçilik səviyyəsini təmsil edir. Bu baxımdan, Azərbaycan tərəfi öz məsuliyyətli yanaşması ilə bir daha sübut etdi ki, bölgədə sabitlik və inkişafın yeganə açarı məhz sülhə əsaslanan siyasətdir. Azərbaycan öz hərbi zəfərini siyasi-mədəni liderliyə çevirmək yolundadır. Bu isə yalnız güc nümayişi ilə deyil, eyni zamanda, yüksək diplomatik mədəniyyət, strateji təmkin və intellektual liderliklə mümkün olur. Məhz bu baxış sayəsində Bakı sülh gündəliyinin əsas aparıcı gücü kimi qəbul edilir.
Odur ki, zaman emosional ritorikalardan deyil, strateji qərarlardan yanadır. Dövlətçilik məsuliyyəti isə soyuqqanlı və rasional yanaşma tələb edir. Azərbaycan bu məsuliyyəti daşımaq gücündə olduğunu bir daha nümayiş etdirdi.
Rafi Müslümov