Trampın “Dəli adam teoremi” – Qlobal kataklizmin BİR ADDIMLIĞINDA
ABŞ Prezidenti Donald Trampın son dövrlərdəki xarici siyasət addımları beynəlxalq aləmdə ciddi müzakirələrə səbəb olub. Siyasi müşahidəçilər Trampın 1970-ci illərdə ABŞ Prezidenti Riçard Nikson tərəfindən populyarlaşdırılmış “Dəli adam teoremi”ni (Madman Theory) müasir dövrə uyğunlaşdıraraq həm rəqiblərinə, həm də müttəfiqlərinə təzyiq göstərməyə çalışdığını bildirirlər.
Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” nəşrinin analitik məqaləsində qeyd olunub.
Məqalədə vurğulanıb ki, sözügedən strategiya dövlət başçısının qeyri-proqnozlaşdırılan və aqressiv davranış sərgiləməsi ilə qarşı tərəfdə qorxu və qeyri-müəyyənlik yaratmağı hədəfləyir. Trampın, xüsusilə Orta Şərq kontekstində sərt və ziddiyyətli bəyanatları, İran və İsrailə qarşı müdaxilə siqnalları verməsi bu yanaşmanın təzahürü kimi dəyərləndirilir.
Müttəfiqlər narahatdır
Londondakı İqtisadiyyat Məktəbinin (LSE) professoru Piter Trubovitz bildirib ki, Tramp xarici siyasəti mərkəzləşdirərək, 1970-ci illərdən bu yana görünməmiş səviyyədə nəzarət qurub. Bu da ABŞ-ın Avropa müttəfiqləri üzərində təzyiqi artırıb.
Birləşmiş Krallığın sabiq müdafiə naziri Ben Uolles isə Trampın bu yanaşmasının NATO-nun kollektiv müdafiə prinsipi olan 5-ci maddəyə olan inamı sarsıtdığını, alyansın faktiki olaraq “reanimasiya vəziyyətinə” salındığını deyib. Bu fonda Almaniya və Fransanın müdafiə xərclərini artırması NATO daxilində həmrəylik böhranının dərinləşdiyini göstərir.
Təhlükələr və məhdudiyyətlər
Ekspertlər xəbərdarlıq edirlər ki, “Dəli adam teoremi” keçmişdə bəzən effektiv görünsə də, bu strategiya ciddi risklər daşıyır. Rusiya, Çin, İran və Şimali Koreya kimi strateji rəqiblərin bu cür blef və qeyri-müəyyənlik üsullarına qarşı “immunitet” qazandığı vurğulanır. Eyni zamanda, bu yanaşma ABŞ-nin müttəfiqləri ilə inam əlaqələrini zəiflədir, hərbi xərclərin artmasına və beynəlxalq diplomatik münasibətlərdə gərginliyə yol aça bilər.
Qeyd edək ki, bu taktikanı tarixdə yalnız Nikson və Tramp deyil, sovet lideri Nikita Xruşşov, İraqın sabiq lideri Səddam Hüseyn və Liviya rəhbəri Muəmmər Qəddafi də zaman-zaman tətbiq ediblər.
Rafi Müslümov