Trampın Nobel PLANI: Cənubi Qafqazda YENİ SSENARİ?
“Bu yolla Tramp artıq bütün məsələlərin həllində özünü dünyaya sülhpərvər lider kimi təqdim etmək niyyətini güdür”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O, ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatı almaq üçün Cənubi Qafqaz planlarından danışıb.
Politoloq bildirib ki, Tramp ciddi şəkildə adını tarixə yazdırmağa və Nobel Sülh Mükafatını qazanmağa çalışır:
“Pakistan-Hindistan və İsrail-İran arasında müharibələrin qarşısının alınması onun adı ilə əlaqələndirilir. Tramp administrasiyasında çalışan hər bir şəxs Trampın tarixdə iz qoymasına çalışır. Buna görə də münaqişələrin həlli istiqamətində atılan əsaslı addımların və səylərin dəyərləndirilməsini istəyirlər. Nəzərə almaq lazımdır ki, Trampdan əvvəl də sonra da etnik münaqişələr, separatizm, dini ixtilaflar və digər problemlər olub və olacaq”.
Onun sözlərinə görə, sülh təəssüratı yaratmaq doğru deyil:
“Rusiya-Ukrayna müharibəsi ilə yanaşı Qəzzada İsrailin maraqları naminə baş verən hadisələr ciddi məsələdir. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesi də Qərb mediası tərəfindən diqqət mərkəzinə gətirilir. Bu yolla Tramp artıq bütün məsələlərin həllində özünü dünyaya sülhpərvər lider kimi təqdim etmək niyyətini güdür”.
“Qəbul etməliyik ki, bu, heç də asan məsələ deyil. Bir çox şərtlər mövcuddur, bu şərtlər maraqlı tərəflərin mənafeləri çərçivəsində formalaşır. Əks halda, tələsik və səthi sülh müqaviləsinin imzalanması doğru olmaz. Əsas məsələ fundamental problemlərin həll edilməsi, mübahisələrə yol açacaq heç bir boşluğun qalmaması və dayanıqlı sülhə nail olmaqdır”, – deyə o bildirib.
Nəsimi Ələsgərli