Trampın özünü saldığı İRAN DALANI: "Yaxın günlərdə əməliyyatı yekunlaşdırmaq niyyətindədir"
“Görünür, Tramp özünü qalib kimi təqdim etməyin yollarını axtarır”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.
O, ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı bağlanacağı halda, İrana 20 qat daha güclü zərbə endirəcəkləri ilə bağlı bəyanatını şərh edib.
Politoloq bildirib ki, Hörmüz boğazı faktiki olaraq bağlı vəziyyətə düşüb və bu marşrut üzrə gəmiçilik təxminən 90 % azalıb:
“Bir çox gəmilər təhlükəsizlik səbəbindən boğazdan keçməyə risk etmir. Nəzərə alsaq ki, dünya üzrə neft daşımalarının təxminən 20 %-i, mayeləşdirilmiş qazın isə 30 %-i məhz bu boğaz vasitəsilə nəql olunur, vəziyyətin qlobal enerji bazarı üçün ciddi problemlər yaratdığı aydındır. Hətta bazar günü neftin qiyməti bir barel üçün 120 dollara qədər yüksəlib və müəyyən açıqlamalar verilməsəydi, bu rəqəmin 150 dollara çatması da mümkün idi. Qiymət artımının davam etməməsi üçün təcili tədbirlər görülüb. Eyni zamanda, qazın qiymətində də artım müşahidə olunur.
Mövcud vəziyyətdə İran faktiki olaraq Hörmüz boğazını bağlamış sayılır. Tehran bəyan edib ki, yalnız müəyyən şərtlər daxilində gəmilərin keçidinə icazə verilə bilər. Bu şərtlərdən biri isə boğazdan istifadə etmək istəyən ölkələrin öz ərazilərindən ABŞ və İsrail səfirliklərini çıxarmasıdır. Lakin belə bir addımın ərəb ölkələri tərəfindən atılması praktiki olaraq mümkün görünmür.
Bu şəraitdə ABŞ-nn səsləndirdiyi bəzi hədələri reallaşdırmaqda çətinlik çəkdiyi müşahidə olunur. Əgər Vaşinqton, həqiqətən də, daha güclü zərbələr endirmək imkanına malikdirsə, o zaman bu addımın niyə gecikdirildiyi sual doğurur. Bu isə belə bir ehtimal yaradır ki, ABŞ-nin zərbələrin miqyasını kəskin şəkildə artırmaq potensialı iddia edildiyi qədər böyük deyil, maksimum müəyyən qədər artırıla bilər.
Digər tərəfdən, Donald Trump mövcud vəziyyətdən çıxış yolları axtarır və zaman-zaman müharibənin artıq bitdiyini, ABŞ-nin qalib gəldiyini, İranın Hərbi Hava Qüvvələrinin və donanmasının məhv edildiyini bəyan edir. Halbuki əməliyyatın əvvəlində belə bir məqsəd irəli sürülməmişdi. Danışıqlar, əsasən, İranın nüvə proqramı və ballistik raket proqramı ilə bağlı aparılırdı və bu məsələlərdə də razılıq əldə olunmadı.
Görünür, Tramp özünü qalib kimi təqdim etməyin yollarını axtarır və yaxın günlərdə əməliyyatı yekunlaşdırmaq niyyətindədir. Lakin o da başa düşür ki, belə bir bəyanat dünya ictimaiyyəti, xüsusilə də ABŞ cəmiyyəti tərəfindən inandırıcı qəbul olunmaya bilər. Bu amil isə qarşıdan gələn seçkilərə təsir göstərə bilər. Məhz buna görə də Trampın İrana qarşı daha sərt zərbələr endirməyə çalışacağı ehtimal edilir. Bunun mümkün olub-olmadığını isə yaxın günlərdə görəcəyik”.
Nəsimi Ələsgərli













