Trampın qlobal hesablaşması: Maduro, Xamenei və indi Kim?
ABŞ administrasiyası yeni ilin əvvəlindən etibarən xarici siyasətdə daha sərt xətt tutub. Yanvarın 3-də Amerika xüsusi təyinatlı qüvvələri aylarla davam edən hərbi hazırlıqdan sonra Venesuelada əməliyyat həyata keçirib, paytaxt Karakas bombalanıb və ölkə lideri Nikolas Maduro həyat yoldaşı Siliya Flores ilə birlikdə gecə əməliyyatı zamanı ələ keçirilib.
Bundan sonra diqqət Yaxın Şərqə yönəlib. Fevralın 28-də ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei öldürülüb və ölkədə hakimiyyətin taleyi dünya gündəminin əsas mövzularından birinə çevrilib.
Analitiklər hesab edir ki, bu hadisələr avtoritar liderlər üçün ciddi mesajdır və onların təhlükəsizliyinin əvvəllər düşünüldüyü qədər toxunulmaz olmadığını göstərir.
Yenicag.az-ın xəbərinə görə, CNN-in yayımladığı təhlildə qeyd olunur ki, baş verənlər Şimali Koreya rəhbərliyində də diqqətlə izlənilir. Kim Çen In və onun komandası ABŞ-ın Venesuela və İranla bağlı addımlarından sonra Vaşinqtonla münasibətlərin necə qurulacağını yenidən nəzərdən keçirə bilər. Bəzi ekspertlərə görə, Pxenyanın Vaşinqtonla diplomatik kanalları gücləndirməyə çalışması mümkündür.
Eyni zamanda xatırladılır ki, Şimali Koreya liderinin təhlükəsizliyi son dərəcə ciddi şəkildə qorunur. Bundan başqa, ölkənin nüvə silahı və uzaqmənzilli raket arsenalı belə bir ssenarinin qarşısını almaq üçün əsas çəkindirici amil hesab olunur.
Donald Trampın əvvəlki prezidentlik dövründə Kim Çen Inla iki dəfə görüşdüyü, lakin bu görüşlərin nüvə proqramı ilə bağlı konkret razılaşma ilə nəticələnmədiyi də vurğulanır. Analitiklər bildirir ki, hazırkı geosiyasi şəraitdə Kim Çen In üçün ən məntiqli addımlardan biri Tramp ilə yenidən danışıqlar aparmaq ola bilər.
Şimali Koreya üzrə ixtisaslaşmış NK News saytının qurucusu Çad O’Karrol da hesab edir ki, Kim Çen Inın yerində olan hər kəs bu il ABŞ lideri ilə hansısa formada görüş keçirməyin öz maraqlarına uyğun olduğunu düşünərdi.
Beləliklə, CNN-in təhlilinə görə, Venesuela və İrandakı hadisələrdən sonra dünya siyasətində yeni sual yaranıb: ABŞ-ın növbəti strateji hədəfi Şimali Koreya olacaq, yoxsa Pxenyan Vaşinqtonla yeni razılaşma yolunu seçəcək?
Amir Aqiloğlu













