Trampın Suriyada RİSKLİ MANEVRİ: İranın oyununu pozmaq mümkün olacaq?
“Tramp administrasiyası bu prosesin uğurlu olması üçün yalnız diplomatik deyil, həm də daxili sabitlik və dövlət quruculuğu sahəsində ciddi səylər göstərməlidir”.
Yenicag.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Suriya ilə münasibətləri normallaşdırmaq istiqamətdə atdığı addımları təhlil edən siyasi ekspert Behnam Ben Taleblu yazıb.
Təhlil məqaləsində bildirilib ki, Trampın atdığı addımlar Yaxın Şərqdə mühüm siyasi manevr kimi qiymətləndirilir:
“Tramp, ABŞ-nin Suriyaya qarşı tətbiq etdiyi uzunmüddətli sanksiyaları aradan qaldıracağını elan etdi. Həmçinin 25 il ərzində Suriya lideri ilə görüşən ilk ABŞ prezidenti oldu. Bu addım Trampın öncəki “Suriya bizim dostumuz deyil” mövqeyindən kəskin dönüş kimi dəyərləndirilir. Bir çoxu bunu İrana qarşı dolayı strateji zərbə kimi görür”.
Onun sözlərinə görə, Trampın bu siyasəti “yüksək risk, yüksək mükafat” adlandırılır:
“Əgər onun planı uğurlu olarsa, İranın Suriyanı regional təsir üçün bir platforma kimi istifadə etməsinin qarşısı alınacaq. Trampın Suriyaya qarşı sanksiyaları yüngülləşdirmək planı ölkəni İsraillə diplomatik əlaqələri normallaşdırmağa təşviq etmək məqsədi daşıyır. Lakin hazırkı Suriya prezidenti, keçmiş HTS lideri Əhməd əş-Şaraa hələ də Qüds ilə münasibətləri rəsmiləşdirməyib. Eyni zamanda, ABŞ və BMT tərəfindən terrorçu təşkilat kimi tanınan HTS-in rəhbərlik etdiyi hökumətin bölgədə sabitlik yaratması ciddi suallar doğurur. Tramp həmçinin bu yeni hökumətin ekstremist qrupların artmasının qarşısını almalı olduğunu bildirib. Suriyanın yenidən beynəlxalq sistemə inteqrasiyası üçün daxili problemlərin, yəni etnik və dini gərginliklər, siyasi parçalanmaların həll edilməsi vacibdir”.
“İran isə Trampın bu strategiyasına qarşı ehtiyatlı və uzunmüddətli yanaşma nümayiş etdirir. Tehranın regionda təsir gücünü artırmaq üçün sərf etdiyi resurslar, o cümlədən İraq, Suriya və Livanda möhkəmlənməsi, ABŞ və İsrailin manevrlərinə qarşı cavab tədbirlərini qaçılmaz edir. Suriyanın daxilindəki qeyri-sabitlik və sosial parçalanmalar İran üçün yenidən təsir qurmaq imkanı yaradır. Buna görə də Tramp administrasiyası bu prosesin uğurlu olması üçün yalnız diplomatik deyil, həm də daxili sabitlik və dövlət quruculuğu sahəsində ciddi səylər göstərməlidir. Əks halda, Tehran uzunmüddətli planları ilə regiondakı nüfuzunu qoruyub saxlaya bilər”, – deyə məqalədə qeyd olunub.
Nəsimi Ələsgərli