Bir müddət öncə Tovuz Rayonunun Bozalqanlı kənd sakini, 12 yaşlı Kamil ölümlə üz-üzə gəlib.
Yenicag.az News24.az-a isitnadən xəbər verir ki, azyaşlı məktəbin həyətindəki transfarmatorun yerləşdiyi tikiliyə girdiyi üçün onu elektrik cərəyanı vurub. Nəticədə Kamil ağır bədən xəsarətləri alaraq yatağa düçar olub. Azyaşlıya Tovuz rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstəriləndən sonra Bakı şəhərindəki tibb müəssisələrindən birinə gətirilib. Müayinə zamanı məlum olub ki, 12 yaşlı Kamilin bədəninin 50 faizi yanıb. Lakin çox keçməyib ki, onun həyatını xilas etmək üçün anasının yardım çağırışına cavab gəlib. Bir çox insanlara yardım əlini uzadan iş xanımı Ruhi Əliyeva balaca Kamilin bütün müalicə xərclərini üzərində götürüb. Məhz onun dəstəyi və həkimlərin səyi nəticəsində bu gün Kamil sağlığına qovuşaraq xəstəxananı tərk edib.
Azyaşlı xəstəxananı tərk edəndən sonra evə yerləşdirilib. İndi o, özünü normal hiss edir: “Sağ olsun bütün həkimlər, tibb bacıları mənə xəstəxanada çox yaxşı baxdılar, onlarla orda dostlaşdım. Xüsusi olaraq isə Ruhi xanıma öz təşəkkürümü bildirirəm. Allah canını sağlam eləsin. Məni o ayağa qaldırdı. Hər gün yeməklər göndərirdi. Artıq ağrılarım qalmayıb”.
Kamil məktəb üçün darıxdığını bildirdi: “Məktəb və sinif yoldaşlarım üçün çox darıxmışam. Uşaqlar hər gün müəllimələrimdən məni soruşurlar. Böyüyəndə vətənimimi qoruyan əsgər olmaq istəyirəm”.
Kamillə söhbət əsnasında anası Mələk Əhmədova da övladının sağalıb ayağa qalxmasına dəstək olan Ruhi Əliyevaya və həkimlərə təşəkkür edib. Kamilin 18 dəfə narkoz aldığını, ümumilikdə beş dəfə əməliyyat olunduğunu deyən ana oğlunun bu gün addım atmasını, ayağa qalxmasını möcüzıə adlandırıb: “Kamili ilk dəfə Bakıya gətirəndə imkan daxilində müalicəsini elədim, amma üç aydan sonra maddi sıxıntılar üzündən bunu davam etdirə bilmədim, çarəsiz qalıb evə qayıtdım. Evdə də yenə imkansızlıqdan ona yaxşı baxa bilmədim. Bu zaman sağ olsun, Ruhi xanım mənə yardım əlini uzatdı və oğlum Kamili öz öhdəsinə götürdü. Hər gün oğlum üçün yeməklər, dərmanlar göndərirdi heç bir şeydən kasadçılıq çəkmədik. Çox sağ olsun, ona minnətdaram. 5 saylı xəstəxananın həkimlərinə də təşəkkürümü bildirirəm. Hər kəs əziyyətini halal eləsin”.
Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında baş verib.
www.yenicag.az