Trumpın "Grönland əməliyyatı" BAŞLADI: Ağ Evdən sirli MESAJ/FOTO
ABŞ prezidenti Donald Trump gözünü Arktikanın “ürəyinə” dikib. Ağ Evin paylaşdığı müəmmalı foto və Konqresə təqdim olunan “51-ci ştat” qanunu qlobal siyasətdə “zəlzələ” effekti yaradıb.
Yenicag.az xəbər verir ki, Ağ Ev administrasiyası prezident Trumpın pəncərədən Grönland xəritəsini diqqətlə süzdüyü anın fotosunu yayımlayıb. Paylaşıma əlavə olunan “Vəziyyəti təqib etmək üçün klikləyin” qeydi Vaşinqtonun bu məsələdə “zarafat etmədiyini” nümayiş etdirir.

Donald Trump məsələ ilə bağlı son bəyanatında Şimal Qütbündəki təhlükələrə diqqət çəkib: “Bu, həm ABŞ-ın, həm də Avropanın milli təhlükəsizlik məsələsidir. Çin və ya Rusiyanın Grönlandda at oynatmasına, oranı işğal etməsinə seyirci qala bilmərik”.
Xəritə qalmaqalı ilə paralel olaraq, Konqresdə də hərəkətlilik başlayıb. Respublikaçı konqres üzvü Rendi Fayn tərəfindən Təmsilçilər Meclisinə təqdim olunan “Grönlandın İlhaqı və Ştat Olma Yasası” adanın rəsmən ABŞ-a birləşdirilməsini nəzərdə tutur.
Fayn çıxışında ABŞ-ın gələcək strateji hədəflərini belə açıqlayıb:
“Grönland uzaq bir ada deyil, strateji qalamızdır. Buranı idarə edən həm də mühüm dəniz yollarını idarə edəcək. Amerika bu taleyi öz dəyərlərimizə düşmən olan rejimlərin (Rusiya və Çin) ixtiyarına buraxa bilməz.”
Danimarka isə ABŞ-ın bu “iştahına” qarşı hiddətlidir. Danimarkanın Baş naziri Mette Frederiksen Trumpın iddialarını sərt dille tənqid edərək bildirib ki, NATO müttəfiqinin ərazisinə qarşı hər hansı bir hərbi və ya siyasi müdaxilə cəhdi “hər şeyin sonu” deməkdir.
Qeyd edək ki, Trump administrasiyası hələ ötən illərdə də Grönlandı satın almaq təklifi ilə gündəmə gəlmiş, lakin bu təklif Danimarka və yerli hökumət tərəfindən rədd edilmişdi. İndi isə prosesin “könüllü birləşmə” adı altında ilhaqa doğru getməsi beynəlxalq aləmdə gərginliyi pik həddə çatdırıb.












