“Türk Dövlətləri Təşkilatının zirvəsi gələcəyin geosiyasi xəritəsini cızacaq” – Güngör Yavuzaslan
Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) liderlər zirvəsi həm regional, həm də qlobal konyunktur baxımından kritik əhəmiyyət kəsb edir. Eyni dövrdə ABŞ Prezidentinin Çinə planlaşdırılan səfəri beynəlxalq sistemdə güc balansının yenidən formalaşdığının bariz göstəricisidir.
Bunu Yenicag.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Güngör Yavuzaslan bildirib.
G Yavuzaslanın sözlərinə görə, bu kontekstdə liderlərin qəbul edəcəyi qərarlar, xüsusilə təhlükəsizlik, əməkdaşlıq və enerji siyasəti ilə bağlı mövzular təkcə Azərbaycanı deyil, Avropa da daxil olmaqla, geniş bir coğrafiyanı təsir edə biləcək potensiala malikdir:
“Zirvənin əsas mesajlarından biri TDT çərçivəsində ortaq strateji fəaliyyət mexanizminin gücləndirilməsi olacaq. 2026-cı ildə rəqəmsal transformasiya və süni intellekt artıq qaçılmaz prioritetə çevrilib. Bu səbəbdən rəqəmsal təhlükəsizlik, süni intellektin sənaye və enerji sahələrində tətbiqi kimi istiqamətlər üzrə ortaq strategiyanın formalaşdırılması və bunun institusional səviyyəyə daşınması gündəmin əsas mövzuları sırasındadır”.
Yavuzaslan qeyd edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ev sahibliyi zirvənin siyasi çəkisini daha da artırır:
“Qazaxıstanın Avrasiya məkanında möhkəmlənən strateji mövqeyi və yüksələn qlobal aktor rolu bu görüşün əhəmiyyətini artırır. Türkiyə başda olmaqla, TDT üzvləri üçün bu zirvə gələcək illərin geosiyasi və iqtisadi istiqamətini müəyyən edən mühüm platformadır”.
Məsimə Məmmədova













