Azərbaycan Dövləti Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa gedən siyasətçi Ufuk Aras, yazıçı Sait Çetinoğlu, jurnalist Ali Bayramoğlu və həmkarı Erol Katırcıoğlu barəsində cinayət işi açıb.
Baş Prokurorluqdan verilən açıqlamaya görə, U. Aras, S. Çetinoğlu, A. Bayramoğlu və E. Katırcıoğlunun Azərbaycanın aidiyyatı qurumlarının icazəsi olmadan Dağlıq Qarabağa getdiyi müəyyənləşdirilib.
Türkiyəli siyasətçilər və hüquqşünaslar erməni işğalı altında olan torpaqlarımıza “kripto”ların təşkil etdiyi səfərə sərt reaksiya veriblər.
Yenicag.az-a danışan TBMM Milli Müdafiə Komitəsinin üzvü, AK partiyasının Manisadan seçilmiş millət vəkili Murat Baybatur Azərbaycanın işğal altında olan torpaqlarına icazəsiz girənləri “əsli-nəcabəti bəlli olmayanlar” adlandırıb:
“Deməli, bu əsli-nəcabəti bəlli olmayan qondarma siyasətçi-jurnalistlərin Türkiyədə zaman-zaman həyata keçirtdikləri kampaniyalar bəs etməyib ki, indi də ölkəmizə qarşı torpaq və təzminat tələblərindən əl çəkməyən, sərhədlərimizi tanımayan, bizi əsilsiz soyqırım iftirası atan bir ölkəyə, oradan da qardaş Azərbaycanımızın işğal altındakı torpaqlarına gedirlər. Bunu açıq-aşkar təxribat adlandırıram və onu edənləri şiddətlə qınayıram. Türkiyəyə ən böyük həcmdə birbaşa sərmayə qoyan, sıxıntılı vaxtlarımızda hamıdan əvvəl bizimlə eyni sıralarda dayanan qardaş Azərbaycanın bu həssas məsələsinə hörmət etmək hər bir vətəndaşımızın borcudur, o insanlar buni unutmasınlar.”
Yeditepe Universiteti hüquq fakültəsinin dekanı, beynəlxalq hüquq sahəsində mütəxəssis prof.dr. Haluk Kabaalioğlu da Yenicag.az-a bu hadisənin provokasiya xarakterli olduğunu söyləyir:
“Həm ölkəmizi tanımayan Ermənistana, həm də işğal altındakı Azərbaycan torpaqlarına səfər etməyi qətiyyən düzgün hesab etmirəm. Bu insanlar özlərini “solçu” adlandırırlar, ancaq Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini unudaraq, işğalçını ürəkləndirirlər. İnanıram ki, Türkiyə hökuməti də bu məsələyə lazımi cavab verəcək. Bir müddət əvvəl beynəlxalq hüquqşünaslar heyəti məni Ermənistandakı bir iclasa dəvət etmişdi, ancaq mən bu təklifi rədd etdim.”
CHP-nin İstanbuldan seçilən millət vəkili İlhan Cihaner də bu məsələdə təbii olaraq, Azərbaycanın haqlı olduğunu müdafiə edir:
“Başda BMT olmaqla, bütün beynəlxalq qurumlar tərəfindən erməni işğalı altında olması təsdiqlənmiş Azərbaycanın Qarabağ bölgəsinə getmək beynəlxalq hüquqa hörmətsizlik olmaqla yanaşı açıq-aşkar təxribatdır. Bu hadisəyə Ermənistan beynəlxalq qanunvericilik çərçivəsində cavab verməlidir.
Qeyd edək ki, illər əvvəl Türkiyədə həyata keçirilən uğursuz “erməni açılımı” layihəsinə dəstək verən Ali Bayramoğlu, Ufuk Aras və digərləri “Ermənilərdən üzr istəyirik” adlı türk xalqını təhqir edən kampaniyanın da müəllifləridir.
Aytək Yusifsoy
www.yenicag.az