Türkcə danışdığı üçün cərimələndi
Bolqarıstanda üzvlərinin əksəriyyətini türklərin təşkil etdiyi müxalifətdəki Haqq və Azadlıqlar Hərəkatının (HÖH) lideri Lütvi Məstan türkcə danışdığı üçün pul cəzası alıb.
Yenicag.az aznews-a istinadən bildirir ki, Məstan son seçki kampaniyasında türkcə danışdığı üçün Sliven Bölgə Valiliyi tərəfindən 500 lev (250 avro) cərimə ödəmək məcburiyyətində qalıb.
O, “Ana dilimdə danışdığım üçün pul cəzası kəsdilər. Hüquqlarımı Avropa İnsan Haqları Məhkəməsində qoruyacam” sözlərini deyib.
Təşkilatı adına parlamentdə bəyanat oxuyan Məstan Seçki Məcəlləsində seçki kampaniyası zamanı yalnız Bolqarıstanın rəsmi dili olan bolqar dilinin işlədilməsinə icazə verildiyini xatırladıb.
Məstan əlavə edib ki, Bolqarıstanda 5 oktyabr 2014-cü ildə keçirilən parlament seçkilərində HÖH-in bir çox namizədi də müxtəlif məbləğlərdə pul cəzası alıb.
Bolqarıstanda keçmiş kommunist rejiminin 1989-cu ilə qədər olan dövründə türk və müsəlmanlara qarşı tətbiq edilən assimilyasiya kampaniyası zamanı türklərə 5 lev pul cəzası kəsildiyini xatırladan Məstan “Bu günlərdə cinayətkarlara kəsilən cəza pulunun miqdarı 2 min levə (min avro) qədər yüksəlib” sözlərini deyib.