!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə Ağ Evin bu planını da pozacaq - Ekspert

!Reklam – Yazi

ABŞ Suriyada İŞİD-i bəhanə edərək, aralarında YPG-nin də olduğu müxalif qruplara 2018-ci il üçün 500 milyon dollar yardım ayırdığını rəsmi şəkildə etiraf edib.

Buradan göründüyü kimi, İŞİD terrorçuları məhv edilsə də, ABŞ hələ də onlarla mübarizəni bəhanə etməklə Suriya və İraqda digər qruplaşmalara, o cümlədən PKK-nın Suriya qanadı olan PYD-YPG terrorçularına dəstək verməkdə davam edir. Qeyd edək ki, hələ İŞİD-lə mübarizənin qızğın çağlarında belə ABŞ Suriyadakı müxalif qüvvələrə il ərzində bu qədər maliyyə dəstəyi göstərməyib. İndi isə İŞİD ortalıqda yoxdur, amma Ağ Ev içində YPG-nin də olduğu müxalif qruplara maliyyə yardımını daha da artırır.

Vaşinqtonun bu addımını dəyərləndirən politoloq Natiq Miri Yenicag.az-a açıqlamasında bildirdi ki, ABŞ indiki halda özünün Suriyadakı geosiyasi maraqlarının təmin edilməsi üçün 500 milyon dollarlıq yardıma əl atıb. Ancaq həmsöhbətimiz düşünür ki, Türkiyə İraqda olduğu kimi, Vaşinqtonun bu planını da alt-üst edəcək:

“Əslində, ABŞ-ın Suriyadakı müxalif qüvvələr adı ilə oradakı müxtəlif qruplaşmalara 2018-ci ildə 500 milyon dollar civarında maliyyə yardımını nəzərdə tutması hər şeyi açıq şəkildə ortaya qoyur. Çünki İŞİD-lə mübarizənin ən coşqun dövründə belə ABŞ-ın dəstəklədiyi PYD-YPG-yə maliyyə yardımı illik 300-400 milyon dollar həcmində olub. Amma indi İŞİD terrorçuları tamamilə məhv edilib. Bununla belə, ABŞ sözügedən qruplara maliyyə dəstəyini daha da artırır. Bu faktın özü bir daha göstərir ki, ABŞ İŞİD-lə mübarizə adı altında, əslində Yaxın Şərqdə nəzərdə tutduğu böyük planı həyata keçirir. Bu planın ilkin mərhələsi İraqın şimalında, Kürdüstanda referendumun keçirilməsi oldu ki, bu plan da region dövlətlərinin əməkdaşlığı sayəsində pozuldu. İndi də Türkiyə sərhədi boyunca Suriyanın şimalında yeni bir terrorçu oyuncaq dövlətin yaradılması nəzərdə tutulur.

Çünki belə bir asanlıqla idarə olunan oyuncaq dövlətin yaradılması Türkiyə və İran kimi dövlətlərə ciddi mənada təzyiq mexanizmidir. İkinci bir tərəfdən, belə bir dövlətin yaranması Türkiyənin Yaxın Şərq ölkələrilə quru təmasını tamamilə əngəlləmək məqsədi daşıyır. Ona görə də cari il üçün 500 milyon dolların nəzərdə tutulması məhz Amerikanın geosiyasi maraqlarına xidmət edir. Özü də həmin vəsaitin sadəcə olaraq əvəzsiz verildiyini düşünməyin.

Hazırda ABŞ-ın dəstəklədiyi kürd terrorçularının nəzarəti altında olan ərazilərdə Suriyada istehsal olunan neft və qaz yatağının 70 faizi cəmlənib. Buradan gələn gəlirin isə ancaq 20 faizi PKK terrorçularına çatır. O baxımdan bu yaxınlarda ABŞ qırıcı təyyarələrinin Suriya qoşunları, İran milis dəstələrini, hətta rus ordusuna məxsus hərbçiləri bombalamasını da təxminən bu kontekstdə dəyərləndirmək olar. Çünki Suriya qoşunu adı altında PKK terrorçularına olan hücum əslində, həmin neft və qaz yataqlarını geri qaytarmaq üçün nəzərdə tutulurdu. Buna rəğmən dərhal ABŞ hərəkətə keçərək, yüzlərlə Suriya, İran və rus hərbçilərini öldürdü. Bütün bunlar da əvəzsiz deyil. Bir tərəfdən, müxalif qüvvələr adı altında Suriyadakı müxtəlif qüvvələrə 500 milyon dollarlıq dəstək nəzərdə tutulursa, digər tərəfdən də bu ölkə və İraqda olan neft və qaz yataqları vasitəsilə verdiklərini kompensasiya etməyi düşünürlər. Bu kontekstdə də ABŞ-ın geosiyasi marağı təmin edilir. Göründüyü kimi bu istiqamətdə Vaşinqton böyük planlara malikdir. Ancaq hər dəfə göründüyü kimi regionun həlledici ölkəsi olan Türkiyə ABŞ-ın həmin planına qarşı çıxaraq, onun həyata keçməsini pozur. Həmin plan İraqda pozulduğu kimi, yaxın zamanlarda Suriyanın şimalında da pozulacaq”.

ELÇİN

www.yenicag.az

1776
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv