Bu gün Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistlər Assosasiyası, Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda Beynəlxalq Media Forumu öz işinə başlayıb.
Yenicag.az xəbər verir ki, forumda iştirak edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Türkiyə-Azərbaycan arasında heç bir zaman anlaşılmazlıq ola bilməyəcəyini bildirib:
“Tarix boyu davam edən qardaşlıq, dostluq iki ölkə arasındakı münasibətləri o səviyyəyə çatdırıb ki, burada əlavə sözə ehtiyac yoxdur. Şərqdə ilk demokratik cümhuriyyət, parlament qurduğumuz, qadınlarımıza ilk seçim haqqı verdiyimiz üçün qürur duyuruq. Türkiyə bütün hadisələrdə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da 15 iyul hadisələri zamanı Türkiyəyə dəstək olub. Sabah Azərbaycan mətbuatının 143-cü il dönümü qeyd edilir. Ümumiyyətlə iki cəmiyyət və media arasındakı münasibətlərin təməli möhkəmdir. Dünən Əli Həsənov öz çıxışında da bunu vurğuladı. Hətta 1841-ci ildə Şərqin böyük filosofu M.F.Axundov nəşriyyat və həmin mətbəədə qəzetlərin çapını gündəmə gətirərkən ilk olaraq Türkiyəyə yollandı. Düzdü, nəticələr olmadı, amma bu cəhdləri unutmaq olmaz.
Mətbuatımız ilk olaraq “Əkinçi” qəzeti ilə başladı. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində mətbuatın müəyyən qədər canlanması baş verdi. Ə.Hüseynzadənin türkləşmə ideyasının geniş yayılmasının məqsədi ruspərəst qüvvələrin türkçülüyü üstələməməsi üçün idi. Hələ o dövrlərdə də Türkiyə mediasında bu hadisələr öz geniş əksini tapırdı. Hətta 1926-cı ildə Bakıda keçirilən ilk türkoloji tədbirdə qoyulan məsələlərdən biri də media münasibətləri istiqamətində olmuşdu. Bizim ilk mühacir qəzetlərimiz də Türkiyədə işıq üzü görüb. Nə qədər çətin olsa da, iki ölkə arasındakı münasibətlər daim saxlanılırdı. Ölkəmiz müstəqillik əldə edər-etməz yenidən Türkiyə mediası bu məsələyə geniş yer ayırdı və Azərbaycana dəstək verdi. Xüsusilə də “Xocalı” soyqırımına öz hadisələri kimi yanaşması, bu həqiqətləri dünya ölkələrinə çatdırması bizim üçün çox dəyərli idi.
2010-cu ildə Bakıda Türk-Azərbaycan jurnalistlərinin “yeniliklər və bənzərsizliklər” mövzusunda konfrans keçirildi. Bu isə bütün dünya mediasının diqqətini çəkdi. 2011-ci il ikinci belə bir tədbir, Kıbrısda üçüncü tədbir, Qırğızıstanda dördücü tədbir keçirildi və sonra bu dayandırıldı. Sonralar vahid informasiya portallarının yaranması, türkdilli məkanlarda media qurumlarının yaranması media sahəsində informasiya mübadiləsini artırdı.
Ümumilikdə onu demək istəyirəm ki, bu gün Türkiyə haqqında səslənən mənfi fikirlərə Azərbaycan, Azərbaycan haqqında səslənən mənfi fikirlərə isə Türkiyə reaksiya verir. Qlobal məkanda müsəlman dövlətlərin bir-birinə dəstəyi çox gözəldir. Bizim mədəniyyətlərimiz, cəmiyyətlərimiz bir-birinə bənzəyir və biz müsəlman dövlətləri arasında aparıcı olduğumuza inanıram. Ümid edirəm ki , bu konfrans jurnalistlərin informasiya məkanına daha güclü addımlar atmasına töhfə verəcək”
www.yenicag.az