Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 10-15 fevral tarixlərində Türkiyəyə işgüzar səfər olub.
Türkiyə Standartlar İnstitutunun (TSE) təşkilatçılığı və Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə reallaşdırılan səfərin məqsədi qardaş ölkənin qabaqcıl universitetlərinin tədqiqat, təhsil, innovasiya və digər sahələrdə idarəetmə standartlarının AzTU-da tətbiqidir.
Səfər çərçivəsində Koç, İstanbul Texniki (İTÜ), İstanbul Aydın, Qəbzə Texniki, Qazi, Orta Doğu Texniki, OSTİM Texniki universitetləri, həmçinin TÜBİTAK, Yüksək Öğrətim Kalite Kurulu, Yüksək Öğrətim Kurulu və TSE ziyarət edilib. Görüşlərdə elmi tədqiqatlar, tələbə və müəllim mübadiləsi, ikili diplom proqramları, innovasiyalar və digər sahələrdə birgə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində AzTU ilə OSTİM Texniki Universiteti arasında əməkdaşlıq müqavilə imzalanıb.
Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi ziyafətdə səfir Xəzər İbrahim, təhsil müşaviri Nəcibə Nəsibova, Ankara universitetlərinin azərbaycanlı professorları, və TSE rəhbərliyi ilə səfərin yekunları müzakirə edilib. Azərbaycanlı professorların AzTU ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfər müddətində AzTU nümayəndə heyətini Türkiyədəki səfirliyimizin təhsil müşaviri Nəcibə Nəsibova müşaiyət edib.
www.yenicag.az