Müalicə üçün Bakıdan İstanbula aparılan hüquq müdafiəçisi Oqtay Güləliyevlə bağlı dəhşətli xəbər açıqlanıb.
Yenicag.az xəbər verir ki, Oqtay Güləliyevin oğlu Təbriz Güləliyev atasının son durumu ilə bağlı Türkiyə həkimlərinin rəyini
açıqlayıb: “Təəssüflər olsun… Türkiyə həkimləri atam Oqtay Güləliyevlə bağlı etdikləri (KT) müayinənin cavablarını açıqladılar.
Həkimlərin bildirdiyinə görə atamın beyın hüceyrələrindən 3-ü sıradan çıxıb. Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət
edə, danışa bilməyəcək. Ancaq reaksiyasız olaraq gözləri açıq olacaq… Həmçinin, həkimlər bildiriblər ki, komadan ayılması uzun
çəkə bilər. Bu müddət 6 ay, hətta 1 il belə ola bilər”.
Oqtay Güləliyev Türkiyədə – İstanbul şəhərində Avrasiya klinikasına yerləşdirilib.
Xatırladaq ki, Oqtay Güləliyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq
müdafiəçisi yolu keçərkən, düz piyada xəttinin üstündə baş verib.
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Güləliyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə
etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Güləliyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım
göstərildikdən sonra Oqtay Güləliyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.
Noyabrın 1-də Oqtay Güləliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Bir gün sonra
Türkiyəyə aparılıb.
Oqtay Güləliyevdə beyin əzilməsi baş verib, beyin qişalarında əzilmə olub, sərt qişanın altında üç yerdə hematoma (qan yığıntısı)
əmələ gəlib. Əməliyyat zamanı hematoma çıxarılıb, amma beyin ödəmi qalır.
Qeyd edək ki, hüquq müdafiəçisinin Türkiyədə müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
www.yenicag.az