Türkiyədə seçkiləri kim qazanacaq? – Azərbaycanlı siyasilərin proqnozları
Sərdar Cəlaloğlu: “Bu seçkiləri də AKP udacaq”
Aydın Mirzəzadə: “Kimin qalib gəlməsindən asılı olmayaraq…”
İyunun 7-də Türkiyə Böyük Millət Məclisinə (TBMM) növbəti seçkilər keçiriləcək. Hansı ki, qardaş ölkədə keçirilən başqa tədbirlər kimi, siyasi tədbirlər də Azərbaycanda diqqətlə izlənilir. Azərbaycan siyasiləri də bu və ya digər dərəcədə Türkiyədə baş tutacaq seçkiləri diqqət mərkəzində saxlayırlar.
Görəsən, Azərbaycan siyasilərinin Türkiyədəki parlament seçkiləri ilə bağlı proqnozları nədən ibarətdir?
Yenicag.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu: “Hadisələrin gedişi belə düşünməyə əsas verir ki, bu seçkilərdən də hakim AKP qalib çıxacaq. Bunun isə iki səbəbi var. Müxalifət həddən artıq dağınıq şəkildədir. İkincisi isə, onlar qeyri-rasional yol tutublar. Yəni ənənəvi qaydada, şablon şəkildə iqtidarı tənqid etməklə uzağa getmək olmaz. Digər tərəfdən, Türkiyədə artıq təkpartiyalı siyasi sistem formalaşıb. İcraedici və qanunverici hakimiyyət də eyni bir qüvvənin əlindədir. Bu mənada hakim partiyanın idarəetmə resurslarından istifadə imkanları da daha genişdir. Ona görə düşünürəm ki, bu seçkiləri də AKP udacaq. Amma onların da böyük hesabla qalib gələcəkləri gözlənilmir. Düzdür, narazı qüvvələr də çoxdur. Amma real alternativ olmadığından hökumətdən narazı qalan qüvvələrin ümumiyyətlə seçkidən kənara çəkiləcəyi gözlənilir”.
Millət vəkili Aydın Mirzəzadə isə bildirdi ki, Türkiyədə seçki prosesinin necə cərəyan edəcəyini seçkilərin özü göstərəcək: “İlk növbədə Türkiyəyə uğurlar və seçkiləri müvəffəqiyyətlə başa vurmağı arzulayıram. Hər bir seçki Türkiyənin növbəti 4 il üçün inkişafının istiqamətinin müəyyənləşməsidir. Bu gün öz dövlətçiliyilə bağlı olan, Türkiyənin maraqlarını xaricdə yüksək səviyyədə müdafiə edən siyasi qüvvələr kifayət qədərdir. Ona görə də Azərbaycan Türkiyədəki seçkiləri onun daxili işi hesab edir və türk seçicisinin seçiminə böyük hörmətlə yanaşacaq. Türkiyədə seçkidə iştirak edən bütün partiyalar Azərbaycanla münasibətlərə böyük önəm verir, hər biri ölkəmizin maraqlarını öz maraqları kimi qəbul edir. Bu baxımdan kimin qalib gəlməsindən asılı olmayaraq, bundan sonra da iki qardaş dövlətin birliyinin möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılacağı gözləniləndir. Bu ölkədə seçkilərin nəticələrinin necə olacağını deyə bilmərəm, Hər şeyi seçkilərin nəticəsi göstərəcək”.
ELÇİN