“Ərdoğan o üç nəfərin dosyesini açarsa, onlar da ikili söhbətləri, sirləri açmağa çalışacaqlar”.
Bu fikirləri Yenicag.azhttps://yenicag.az/-a açıqlamasında Türkiyədə keçmiş prezident Abdullah Gül, baş nazir Əhməd Davudoğlu, baş nazirin müavini Ali Babacanın hakim AKP-yə alternativ qismində yeni partiya (YAP) yaratmalarını və ölkənin idarəetmə sistemində dəyişikliklərin mümkünlüyünü dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib.
Elxan Şahinoğlu adları çəkilən üç siyasətçinin yeni partiyanı AKP-dən səs qoparmaq ümidi ilə yaratdıqlarını qeyd edib:
“Bunların üçü də AKP-nin qurucuları və Ərdoğanın keçmiş silahdaşlarıdır. Onların əsas hədəfi AKP-dən səs qoparmaqdır. CHP-dən səs ala bilməyəcəklər, HDP-dən isə çox cüzi nisbətdə səs qopara bilərlər. Onlar düşünürlər ki, AKP İstanbul bələdiyyə seçkilərində məğlub oldu və biz də gələcəkdə parlament seçkilərində hakim partiyanın daha çox tərəfdarının dəstəyini ala bilərik.
Türkiyə tarixində belə hallar çox olub. Bir partiyadan ayrılıb yeni bir partiya quranlar, əsasən, uğur əldə edə bilməyiblər. Yeganə uğur qazanan partiya elə Ərdoğanın partiyası olub ki, onlar da “Səadət” Partiyasından ayrıldıqdan bir il sonra böyük səs çoxluğu ilə təkbaşına hökumət qurublar. Eyni addımı atmış başqa siyasətçilər isə uğursuzluğa düçar olublar.
Davudoğlu, Gül və Babacan bir tərəfdən düşünürlər ki, özləri tanınmış şəxslərdirlər və ikinci də, insanların AKP-dən yorğunluğu olduğu üçün onlara səs verə bilərlər. Məsələ isə burasındadır ki, onların siyasi karyeralarında uğurlu məqamlar azdır. Məsələn, Davudoğlunu götürək, indi onun nə nüfuzu var ki? Xarici siyasətdə elə də uğur qazana bilmədi, ölkənin düşmənlərinin sayı artdı. İndiki Suriya böhranının yaranmasında onun “böyük əməyi” var. Baş nazir olanda isə iqtisadiyyatda uğur qazana bilmədi.
Abdullah Gül də, elə Davudoğlu kimi. Bu üç siyasətçinin hər biri ziddiyətli fiqurlardır. Üç nəfərlə iş bitmir. Yerli təşkilatlar qurulmalı, kütləvi şəkildə tərəfdar toplanmalıdır… Bu isə asan məsələ deyil. Ona görə də, çox çətinlik çəkəcəklər. Məsələn, Meral Akşenər MHP-dən ayrılıb İYİ partiyanı yaratdı, əsas uğuru isə parlamentdə yer qazanması oldu. Belə zənn edirəm ki, yeni yaradılmış partiyanın da uğuru ondan ibarət olacaq ki, məclisdə bir neçə yer əldə edə biləcəklər”.
Ərdoğanın bu üç şəxsin dosyelerini açacağı barədə mətbuatda yer alan iddialara toxunan Elxan Şahinoğlu belə bir halın mümkünlüyünü istisna etməyib:
“Siyasətdə belə hallar çox olur, bir-biriləri haqqında kompramatları üzə çıxara bilərlər. Çünki onlar uzun müddət bir yerdə çalışıblar, bir-birilərinin sirlərini bilirlər. Ancaq bu addım Ərdoğan üçün risk də yarada bilər. Ərdoğan o üç nəfərin dosyesini açarsa, onlar da ikili söhbətləri, sirləri açmağa çalışacaqlar. Buna görə də, məncə, Ərdoğan o məsələdə bir az ehtiyatlı davranacaq”.
AKP və CHP-nin Prezident üsuli-idarəsininin təftişi üçün danışıqlara başlamadığını və sistemdə hər hansı dəyişikliyin ola biləcəyi ehtimalını dəyərləndirən politoloq bunları deyib:
“Yenə də təkrar edirəm ki, AKP ilə bağlı insanlarda müəyyən yorğunluq əmələ gəlib. Güclü prezident hakimiyyəti formalaşdırılıb və iqtisadiyyatda müəyyən sıxıntılar yaşanır. İnsanların gözləntilərini doğrultmaq lazımdır. O baxımdan, sistemin təftişi mümkündür. Əslində, Ərdoğan hər zaman belə təftişə əl atıb. Ərdoğan insanların yeni gözləntilərini doğrultmaq üçün yerdəyişmələr edə bilər”.
Aqil Bəkir
www.yenicag.az