Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı Ramiz Tahirov və onu müşayiət edən heyət Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla görüşüb.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülərlə yanaşı, Quru Qoşunları Komandanı Ümit Dündar, Hərbi Hava Qüvvələri Komandanı Hasan Küçükakyüz və Dəniz Qüvvələri Komandanı Adnan Özbalın da iştirak etdiyi görüşün əvvəlində çıxış edən H.Akar hücumlardan sonra Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev, özünün isə azərbaycanlı həmkarı Zakir Həsənovla danışaraq, hadisələri yaxından izlədiklərini bildirib.
H.Akar baş verənlərlə bağlı lazım olan hər şeyin ediləcəyini vurğulayıb:
“Azərbaycanın Tovuz bölgəsinə təşkil edilmiş alçaqcasına hücumu şiddətlə qınayırıq. Azərbaycan türkünün ağrısı bizim ağrımızdır. Orada yaşadığının istənilən çətinliyin burada da çox dərin şəkildə hiss edildiyini hamınızın bilməsini istəyirəm”.
Türkiyənin Milli Müdafiə naziri Azərbaycan sərhədlərinin toxunulmazlığının qorunması üçün qəhrəmancasına şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyib, yaralılara tezliklə şəfa arzulayıb:
“Azərbaycanlı qardaşlarımıza başsağlığı veririk. Şəhidlərin qanlarının yerdə qalmayacağına əmin olduğumuzu da ifadə etmək istəyirəm. Dağlıq Qarabağın heç bir əsas olmadan qanunsuz şəkildə işğalını qəbul etməyimizin mümkün olmayacağını hər platformada söylədik, söyləməyə də davam edəcəyik. Bu mövzuda azərbaycanlı qardaşlarımızın, igid insanların aparacağı mübarizədə onlarla bərabər olduğumuzu cənab prezidentimiz başda olmaqla Türkiyədə mülki-hərbçi – hər kəs ifadə edir. Bütün xalqımız bu hissləri və düşüncələri bölüşür. “İki dövlət, bir millət” olduğumuza bütün qəlbimizlə inanırıq. Dilimiz, dinimiz, tariximiz, anlayışımız birdir, bərabərdir. Kədərdə və sevincdə bir və bərabərik. Cənab Prezidentimizin ilk andan etibarən ifadə etdiyi kimi, bu, həqiqətən də ermənilərin boyunu aşan bir təşəbbüsdür. Biz də deyirik ki, bu qurduqları tələnin altında qalacaq, bu tələdə boğulacaq və mütləq etdiklərinin hesabını verəcəklər”.
Türkiyəli general ölkələrimiz arasında dostluq, qardaşlıq, birlik və bərabərliyin vacib olduğuna diqqət çəkib:
“Azərbaycanlı qardaşlarımızla istənilən hücuma qarşı bundan əvvəl necə bərabər olmuşuqsa, bundan sonra olmağa davam edəcəyik. Azərbaycanlı qardaşlarımızla bir və bərabərik, ağrılarını ürəyimizdə hiss edirik, biz Türkiyə Cümhuriyyəti, Türkiyə Silahlı Qüvvələri olaraq, nə etməliyiksə bu günə qədər olduğu kimi, bundan sonra da etməyə davam edəcəyik. Bundan heç kimin şübhəsi olmasın”.
www.yenicag.az