“Üççizgi” jurnalının yeni sayı işıq üzü görüb
Əskişəhər Azərbaycanlılar Dərnəyinin rəqəmsal yayım orqanı olan “Üççizgi” jurnalı, dərnəyin akademiyası (“EsAzDer Akademi”) tərəfindən hazırlanmış 2026-cı ilin yanvar ayına aid 5-ci sayı ilə oxucuların ixtiyarına verilib.
Yenicag.az xəbər verir ki, zəngin məzmunu və çoxşaxəli elmi yanaşması ilə seçilən jurnal sosial elmlər, mədəniyyət, tarix, diaspor, iqtisadiyyat, elm və texnologiya, ədəbiyyat, qastronomiya, musiqi və idman sahələrində sanballı yazıları bir araya gətirir.
Bu sayda Azərbaycan və Türkiyə arasında elmi, mədəni və ictimai əlaqələrin gücləndirilməsi əsas məqsəd kimi ön plana çıxarılır. Jurnalda yer alan məqalələr oxuculara həm akademik dərinlik, həm də analitik baxış bucağı təqdim edir.
Jurnalın bu sayında diqqət çəkən yazılardan biri “İstanbulda Azərbaycan tarixini yazan Cahangir Zeynaloğlu” adlı məqalədir. Məqalədə İstanbulda Azərbaycan diasporunun formalaşması və inkişafında mühüm rol oynamış Cahangir Zeynaloğlunun həyat yolu, ictimai fəaliyyəti və qoyub getdiyi zəngin intellektual irs geniş şəkildə təhlil edilir. Bu araşdırma həm diaspor tarixinin öyrənilməsi, həm də gələcək nəsillər üçün etibarlı mənbə baxımından böyük əhəmiyyət daşıyır.
Tarix bölməsində yer alan “Çanaqqala türk xalqının hərbi ənənələrinin oyanış mənbəyidir” adlı məqalədə Çanaqqala savaşının tarixi, hərbi və sosial aspektləri elmi baxımdan dəyərləndirilir.
Təhsil bölməsində isə “Azərbaycanın ali təhsil siyasəti: Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflər” başlıqlı tədqiqatda Azərbaycanın ali təhsil strategiyası, struktur islahatları və insan kapitalına əsaslanan inkişaf modeli akademik çərçivədə təqdim olunur.
Elm və texnologiya bölməsində Azərbaycanın innovasiya yolu, rəqəmsal transformasiya prosesi və startap ekosistemi ətraflı təhlil edilir.
Diaspor hissəsində isə “Şahzadələr şəhəri” Manisada yaşayan Azərbaycan diasporunun sosial, mədəni və ictimai fəaliyyəti işıqlandırılır, bu fəaliyyətlərin iki ölkə arasındakı mədəni körpünün möhkəmlənməsinə verdiyi töhfə vurğulanır.
Mədəniyyət və ədəbiyyat bölmələrində oxuculara həm düşüncə, həm də duyğu baxımından zəngin məzmun təqdim olunur. “Pal küçəsinin uşaqları” əsərinə dair ədəbi təhlillə universal dəyərlər müzakirə edilir, qastronomiya bölməsində Azərbaycan mətbəxinin mədəni kimliyi və “Birlik süfrəsi” anlayışı ön plana çıxarılır. Musiqi bölməsində isə Azərbaycan musiqi tarixinin görkəmli simalarından biri olan Şəfiqə Axundovanın yaradıcılığı və sənət irsi geniş şəkildə təqdim olunur.
İdman bölməsində beynəlxalq uğurlara imza atan milli trampolin idmançısı Tofiq Əliyevin ilhamverici həyat hekayəsi və idman karyerası oxucularla paylaşılır.
Əskişəhər Azərbaycanlılar Dərnəyinin rəqəmsal yayım orqanı olan jurnal və onun nəşr heyətini formalaşdıran “EsAzDer Akademi” elmi istehsalı təşviq etməyi, gənc tədqiqatçılara dəstək olmağı və Türkiyə–Azərbaycan elmi əməkdaşlığını gücləndirməyi qarşısına əsas məqsəd qoyur.
Jrnal hər sayı ilə intellektual səviyyəni yüksəldərək oxucularına keyfiyyətli və orijinal məzmun təqdim etməyə davam edir.












