“Ukrayna hadisələri bizi ciddi narahat edir”.
İrlandiyanın paytaxtı Dublinə səfər edən Ermənistan prezidenti Serj Sərkisyan martın 6-da Avropa Xalq Partiyasının plenar sessiyasında danışıb. “Media forum” saytının məlumatına görə, Serj Sərkisyan çıxışında Avropa İttifaqı ilə və Şərq tərəfdaşlığı ölkələrinin əməkdaşlığının sınaq qarşısında olduğunu vurğulayıb: “Ukrayna hadisələri bizi ciddi narahat edir. Kiyevdə çoxsaylı insan itkiləri olmasına üzülürük. Belə bir məqamda dialoq yolu ilə ağıllı qərarlar vermək üçün maksimum səy göstərilməlidir”.
Serj Sərkisyan çıxışında Avropa İttifaqının gömrük birliyinə üzv olan Türkiyəni Ermənistanı blokadada saxlamaqda, bu ölkəyə və ermənilərə nifrət dolu siyasət yeritməkdə ittiham edib.
Ermənistan dövlətinin başçısı əlavə edib ki, əsas Avropa dəyərlərindən biri haqsızlığa susmamaqdır: “Faşizm təzahürlərinə dözmək qəbuledilməzdir. Özümüzü elə aparırıq sanki Avropa Şurasının üzvü olan Azərbaycanın prezidentinin düşmənçiliyi və nifrəti açıq-aşkar təbliğ etdiyini görmürük”.