Ukrayna ilə bağlı 7 bəndlik sənəddə NƏLƏR VAR? – Rusiya bu ölkələrə hücum etməyi PLANLAŞDIRIR
“Trampın sülh planının iddia edilən şərtləri ilə bağlı məlumatlar yayılıb, lakin hələlik bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib”.
Bunu Yenicag.az-a açıqlamasında Rusiyada yaşayan amerikalı siyasi şərhçi Endryu Koribko deyib.
Mütəxəssis ABŞ prezidenti Donald Trampın Ukraynada müharibənin dayandırılması ilə bağlı irəli sürdüyü 7 bəndlik planı şərh edib.
Onun sözlərinə görə, Trampın razılaşma əldə etməyə meylli olması göstərir ki, o, Ukrayna lideri Volodimir Zelenskidən sülh naminə bir sıra güzəştlərə getməsini tələb edə bilər:
“Bu güzəştlərə, ən azından, təmas xəttindəki əməliyyatların dondurulması daxil ola bilər. Tramp əvvəllər də Ukraynanın iddia etdiyi bütün ərazilərdən Rusiya qoşunlarının çıxarılmasının praktik olaraq mümkün olmadığını qeyd etmişdi. Zelenskinin özü də daha əvvəl bu tapşırığın çətinliyini etiraf etmiş və bəzi hallarda diplomatik vasitələrin nəzərdən keçirilə biləcəyini bildirmişdi. Bu faktlar göstərir ki, Zelenski ən azı bu minimal və ən praqmatik kompromisə açıq ola bilər. Lakin o, həmçinin daha əvvəl dəfələrlə vurğulayıb ki, Ukrayna NATO və ya NATO ölkələri tərəfindən güclü təhlükəsizlik təminatları almalıdır”.
E. Koribko əmindir ki, Ukrayna son bir il ərzində artıq bir sıra NATO ölkələri ilə ikitərəfli təhlükəsizlik sazişləri imzalayıb:
“Lakin, görünür, Zelenski bu sazişlərdə qeyd olunmayan qoşun yerləşdirilməsi məsələsini də təmas xəttindəki əməliyyatların dondurulması üçün vacib şərt kimi irəli sürür. Fransa və Böyük Britaniya Ukrayna üçün sülhməramlı koalisiyanın yaradılması ideyasını müzakirə ediblər. Lakin Rusiya BMT Təhlükəsizlik Şurasının razılığı olmadan Ukraynaya daxil olacaq bütün xarici qoşunlara hücum edəcəyini bildirib. Bunun bir hədə qorxu olub-olmadığı və ya gerçəkdən həyata keçirilib-keçirilməyəcəyi isə qeyri-müəyyəndir”.
Müsahibimizin fikrincə, Ukrayna tələbindən başqa, ABŞ-nin hərbi dəstəyinin davamlılığı ilə bağlı digər bir məsələ də var:
“Tramp, görünür ki, Bayden dövründəki səviyyədə Kiyevə dəstək göstərmək istəmir. Bu səbəbdən də, əgər Trampın sülh planında növbəti illər üçün böyükmiqyaslı və dəqiq təminatlı ABŞ hərbi dəstəyi nəzərdə tutulmazsa, Zelenski bu plana razı olmaya bilər. Hər halda, Trampın sülh planına Zelenskinin razı olub-olmayacağını proqnozlaşdırmaq üçün hələ tezdir. Çünki planın şərtləri hələlik rəsmi şəkildə təsdiqlənməyib. Buna görə də müşahidəçilər ancaq bu kritik mərhələdə Ukrayna və ABŞ maraqları əsasında təhlilə söykənən ehtimal xarakterli fikirlər irəli sürə bilərlər”.
Rafi Müslümov