BMT Ukraynada mülki itkilərin sayını açıqlayıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Ukraynada müharibədə fevralın 24-dən dekabrın 26-na kimi ümumilikdə 6884 dinc sakin həlak olub.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatına görə ölənlərdən 429-u uşaqlardır.
Hesabatda müharibə zamanı həlak olanların 2719-u kişi, 1832-si qadın, 429-u uşaq, 1904-ü isə cinsiyyəti müəyyən edilə bilməyən böyüklər olmaqla ümumilikdə 6884 nəfərin həyatını itirdiyi açıqlanıb.
Ukraynadakı döyüşdə yaralananların sayı 10 min 947 olaraq açıqlanıb. Bunlardan 2364 nəfəri kişi, 1709 nəfəri qadın, 800 nəfəri uşaq, 6074 nəfəri isə cinsiyyətini müəyyən etmək mümkün olmayan böyüklər olub.
Hesabatda həlak olanların və yaralananların əksəriyyətinin ağır silahlardan istifadə nəticəsində baş verən partlayışlardan olduğu bildirilib.
“Qeyd edilmiş mülki itkilərin əksəriyyəti ağır artilleriya, çoxlüləli reaktiv yaylım atəşi sistemləri, raketlər və hava zərbələri də daxil olmaqla geniş əraziyə təsir edən partlayıcı silahların istifadəsi nəticəsində baş verib. OHCHR hesab edir ki, faktiki rəqəmlər kifayət qədər yüksəkdir, çünki gərgin döyüş bölgələrindən məlumat almaq çətindir və bir çox hesabatlar hələ də təsdiqlənməyi gözləyir”, – deyə hesabatda bildirilib
www.yenicag.az