Ukraynanın gözləyən çətin GÜNLƏR - TƏHLİL
“Amerika sursatlarından asılılıq hələ də yüksəkdir və silah yardımı olmadan mübarizə aparmaq çətin olacaq”.
Yenicag.az xəbər verir ki, bunu Ukraynaya ABŞ yardımının dayandırılmasının mümkün nəticələrini təhlil edən “BBC” nəşri yazıb.
Təhlil məqaləsində qeyd olunub ki, Ukrayna ABŞ-nin silah tədarükünü dayandırmasından sonra Rusiyanın aqressiyasının artmasından qorxur.
“Kiyev xəbərdarlıq edir ki, ABŞ-nin hərbi yardımının kəsilməsi Rusiyanı artıq dörd ildir davam edən müharibəni uzatmağa sövq edə bilər. Ağ Ev bəzi silah tədarükünü dayandırdığını açıqlayıb və qərarın ABŞ-nin müdafiə ehtiyatlarının yenidən qiymətləndirilməsi nəticəsində qəbul edildiyini bildirib. Ukrayna isə hər hansı rəsmi bildiriş almadığını, müharibəni bitirməyin yolunun təcavüzkara ardıcıl və birgə təzyiqdən keçdiyini vurğulayır.
Son günlər Ukrayna şəhərləri Rusiyanın pilotsuz təyyarə və raket hücumlarına məruz qalır. ABŞ-dən silah tədarükünün azalması Kiyevin hava müdafiəsini gücləndirməsinə maneə yarada bilər. Ukrayna hərbi mənbələri bildirir ki, Amerika sursatlarından asılılıq hələ də yüksəkdir və silah yardımı olmadan mübarizə aparmaq çətin olacaq. Avropadakı müttəfiqlər isə hərbi yardımı davam etdirməkdə maraqlıdır, lakin ABŞ-də Pentaqonun ehtiyatlarının azalması narahatlıq doğurur.
Rusiya tərəfi isə ABŞ-nin silah tədarükünü azaltmasını münaqişənin tez bitməsi üçün müsbət addım kimi qiymətləndirir. Kreml nümayəndələri Ukrayna tərəfinə silahların az verilməsinin müharibənin sonunu yaxınlaşdıracağını bildirir. Həmçinin Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə atəşkəs və sülh danışıqları mövzusunda telefon danışığı aparıb. Hazırda Moskva Ukrayna ərazisinin təxminən 20%-nə nəzarət edir və şərqi Luqansk vilayətində irəliləyiş əldə etdiyini elan edib”, – deyə məqalədə qeyd olunub.
Nəsimi Ələsgərli